Yeni arenada tanış rəqiblə 4-cü sınaq

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Allsport.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki doqquzuncu oyununda İtaliyanı qəbul edəcək.

Qeyd edək ki, İtaliya Azərbaycan yığması üçün tanış rəqibdir. Belə ki, millimiz AÇ-2004-ün seçmə mərhələsində də bu komanda ilə bir qrupda mübarizə aparıb. Həmin vaxt italyanlar Bakıda 2:0, doğma meydanda isə 4:0 hesabıyla qalib gəliblər. Elə cari seçmə mərhələyə təsadüf edən sayca üçüncü oyunda da millimiz bu rəqibi ilə bacarmayıb. Səfərdə baş tutan görüşdə Azərbaycan yığması ilk dəfə bu rəqibinin qapısına yol tapsa da, yenə meydanı məğlub tərk edib – 1:2. İndi komandamız uğursuz gedişata son qoyub, italyanlarla görüşlərdə ilk xalını və ya xallarını qazanmağa çalışacaq.

Tarixi ərzində dörd dəfə dünya, bir dəfə Avropa çempionu olmuş İtaliya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 17-ci yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli gerirdə – 105-ci pillədə qərarlaşıb.

İtaliya Bakıda çıxış etməsinə baxmayaraq, millimizlə görüşdə aşkar favoritdir. Azərbaycan yığmasının bu rəqibdən hətta 1 xal alması da uğur kimi qiymətləndiriləcək. Amma təbii ki, millimiz qələbə qazanmaqla çox böyük sürprizə də imza ata bilər. Hansı ki, əvvəlki seçmə mərhələlərdə ən azı bir favoriti sıradan çıxaran yığmamızdan belə sensasion nəticə gözləyənlər az deyil. Matçın Bakı Olimpiya stadionunda keçirilməsi də komandamızı ruhlandıra bilər. Çünki millimizin ev oyunlarında ilk dəfə rekord sayda – 40 mindən çox azarkeş görməyimiz proqnozlaşdırılır.

İtaliya ilə qarşılaşma Azərbaycan millisinin 2015-ci ildə 7-ci oyunu olacaq. Yığmamız bu il beşinci rəsmi oyununa çıxır. Əvvəlki rəsmi oyunlarda yığmamız Bakıda Maltaya qalib gəlib (2:0), səfərdə Norveçdən (0:0) və maltalılardan (2:2) xal alıb. Daha bir rəsmi oyunda isə Xorvatiya ilə Bakıda qolsuz heç-heçəyə razılaşmışıq. Digər iki oyun isə yoxlama görüşləridir. Fevralın 24-də Antalyada Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə qarşılaşma millimizin 1:2 hesablı məğlubiyyəti ilə bitmişdi. Serbiya ilə qarşılaşmada isə böyük hesablı məğlubiyyət qeydə alınmışdı – 1:4.

Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 217-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 39-da qələbə qazanmışıqsa, 59-da da heç-heçə ilə təsəlli tapmışıq. 118 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 153 qol vurduğumuz halda, öz qapımızdan 369 top çıxarmışıq.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
10 oktyabr

21:00. Azərbaycan – İtaliya
Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. Olimpiya stadionu.

Həmin kateqoriyadan