Yeniyetmə cüdo millimizin baş məşqçisi hansı səbəbdən vəzifəsindən azad edilib?

Yeniyetmə cüdoçulardan ibarət millinin baş məşqçisi Ramiz Ramizzadə vəzifəsindən azad edilib. Allsport.az saytına daxil olan məlumata görə, o, böyük ehtimalla, Göygöl olimpiya idman kompleksində müxtəlif bölgələrdən olan 15-ə yaşa qədər idmançıların təlim-məşqində baş verən xoşagəlməz olayda günahkar bilinib.

Həftənin əvvəlində 15 idmançıda ürəkbulanma, hərarət və qusma olduğundan, onlar müayinə üçün rayon xəstəxanasına aparılıblar. Azərbaycan cüdo federasiyası bəyan edib ki, Göygöl olimpiya idman kompleksi ilə imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir.

Belə olan halda, gənc çalışdırıcı niyə suçlu sayılıb? Axı, yeni rəhbərlik Ramiz Ramizzadəni yanvarın 6-da çıxardığı qərarla təsdiqləmişdi. Üstəlik, toplanışa bölgənin klub idmançıları dəvət olunmuşdu və belədə, millinin məşqçi heyətinin hər hansı bu cür hadisəyə cavabdehlik daşımır. Bir də, harada görünüb ki, zəhərlənmədə suçlu hər hansı məşqçi bilinsin? O, ancaq nəticəyə məsuliyyət daşıyır. Qidalanmaya komandada nəzarət edən şəxs(lər) var və olmalıdır(lar).

ACF bu barədə hələ rəsmi məlumat yaymayıb. Bu isə müxtəlif söz-söhbətə yol açır. Cüdo ictimaiyyətində deyilənə görə, onun yeniyetmə cüdoçuların inkişafında böyük əməyi olub. 2020-ci ildə Qazaxıstanın Almatı şəhərində yeniyetmələrin dünya birinciliyinin komanda yarışında Azərbaycan millisinin ilk dəfə 2-ci yer tutması buna əyani misaldır.

Həmin kateqoriyadan