Yeniyetmə və gənc samboçularımız Avropa birinciliyində 8 medal qazanıblar

Fransanın Tuluza şəhərində yeniyetmə və gənc samboçular arasında Avropa birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi yarışı 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub.

Fəxri kürsünün ən yüksək pilləsinə yeniyetmələrdən Asim Əhmədov (70 kq), gənclərdən Əliş Yusifov (48 kq) yüksəlib. Yeganə gümüş medala gənc samboçu Aslan Mirzəyev (90 kq) sahib çıxıblar. Bürünc medalları isə yeniyetmələrdən Fuad Məmmədov (56 kq), Tural Allahverdiyev (62 kq) və Bahadır Əsgərov (65 kq), gənclərdən Murad Əliyev (52 kq) və Abdulla Abdullayev (60 kq) qazanıblar.

Hər 2 Avropa çempionu finalda rusiyalı rəqiblərini məğlub edib. Asim Əhmədov Yevgeni Koskoya qalib gəlibsə, Əliş Yusifov erməni əsilli Arman Tovmasyanı üstələyib. Tural Allahverdiyev isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Ernest Hayrapetyanı məğlub edib.

Həmin kateqoriyadan