Kamran HACI
“Zaqreb arena”da Arazbarı və ya biganə AGF rəhbərliyi

Kamran Hacı | kamran-haji@mail.ru

13-21 sentyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı keçirildi. Hər 3 növdə cəmdə 23 idmançımız mübarizə apardı. O qədər iştirakçıdan vur-tut 1 qızılımız oldu. Bu yazıda sonuc barədə geniş bəhs etmək istəmirəm, zatən yarışın gedişatını yerində ətraflı işıqlandırdım. Sadəcə, adı çəkilən dünya çempionatı bir neçə istiqamətdə diqqətimi çəkdiyindən, Balkanlara yollanmağa qərara gəldim. Birincisi, yeni məmləkət görüb rəngarəng səfər sayını 18-ə yüksəldəcəkdim. İkincisi, yarış məkanında Odlar yurdunun təbliğatı ilə məşğul olub əhalinin barəmizdə təəssüratını öyrənəcəkdim. Azərbaycan güləş federasiyası çox dar çərçivədə KİV-ə dəstək göstərmişdi. O da özünə ən yaxınlara. Mən öz hesabıma yollanmışdım. Ancaq yarış ərzində AGF rəsmilərindən heç biri bəndənizlə maraqlanmadı, bu idman növünü işıqlandırdığıma görə təşəkkür belə etmədi. İndiki icraçıları nə güləşin inkişafı maraqlandırır, nə də təbliğatı. Onları ancaq və ancaq müxtəlif yaş qrupları üzrə komandaları illərboyu çiyinlərində daşıyan azsaylı bacarıqlı mütəxəssislərin (çoxu yerlidur) qazandırdığı nəticələrdən gələn mükafatlar düşündürür. O üzdən Paris-2024-dən bəri güləşdə geriləmə var və o ardıcıl olaraq müxtəlif oyunlarda digər aparıcı idman növlərimizə yenilməyə başlayıb. Bu barədə geniş danışmaq istəmirəm – araşdırmaları tam bitirdikdən və bəzi bilgilərə əhatəli yiyələndikdən sonra, Allah qoysa, gələn ilin əvvəlində silsilə yazlarım olacaq…

Ayın 11-də səfərə çıxdım. Zaqrebə birbaşa reys olmadığı üçün, vasitəçi ölkə kimi qardaş Türkiyədən istifadə etdim. İlk dəfəydi ki, İstanbulun Asiya hissəsində olurdum. 8-9 saatdan sonra Səbihə Göyçəndən Balkanlara istiqamətləndik. Hava limanında enişdə pasport yoxlaması zamanı məndən öncə növbədə dayanan Dünya Güləş Birliyinin (DGB) rusiyalı əməkdaşını polis qadın sorğu-sual etdi. Karinanın Şengen vizası olmasına rəğmən, ona xüsusi dəvətin gərəkliyini anlatdı – Zaqrebə nə üçün səfər etdiyini və geridönüş biletinin olun-olmamasıyla maraqlandı. Sonda məni göstərib, “bir yerdəsizmi” deyə sordu. O, bir yerdə olmasaq da, eyni iş üçün gəldiyimizi söylədi. Karinadan fərqli, mənim Azərbaycan vətəndaşı olduğumu görüb qısa yoxlamadan sonra keçidimə icazə verdi. Yükümü götürüb gözləmə məntəqəsinə çıxarkən gömrükçü qadın Azərbaycandan olduğumu bilib yoxlama məkanına dəvət etdi – siqaret, spritli içki olub-olmaması ilə maraqlandı. Ona bu şeylərdən istifadə etmədiyimi söylədikdə, gülümsəyərək, “keçin” dedi.

Çıxacaqda bizi təşkilatçılar gözləyirdi. Onlar qonaqların “Zaqreb arena”ya daşımasını təşkil edirdilər. Məkanla tanış olduqdan sonra qalacağım yerə üz tutdum. Şəhərdə 2 sərnişin-nəqliyat xidməti var: tramvay və avtobus. Dəmiryolu şəbəkəsi bütün paytaxtı əhatə edir və gecə də fəaliyyət göstərir. Avtobusların xeyli qismi qoşluquludur ki, bu da sərnişinlərin rahat hərəkətinə şərait yaradır. Piyada zolaqları hərtərəflidir və keyfiyyətli qalıcı boya ilə boyanıb.
Zaqrebdə bir müddətdir avro işləməyə başlaıb. İctimai nəqliyyatda gediş haqqı 80 sentdir: bizim pulla 1 manat 60 qəpik. Onu kartla ödəyirsən, amma sürücüyə pul verib bilet almaq da olur. Paytaxtda avtobus dayanacaqlarının yanında cədvəl yazılıb. Vətəndaşlar ona uyğun hərəkət edirlər. Tramvay üçün elektron lövhələr qoyulub və gəliş vaxtları orada yazılır. Gediş haqqını çox adam ödəmir. Ümumiyyətlə, buna məcbur etmirlər. Keçmiş sovet ölkələrində fikir vermişəm, bu xidmət sahə xalqa yardım sayılır. Amma orada gənclər yaşlılara yer vermirlər; heç oğlanlar qızlara güzəşt etmir. Həsəd aparılası məqam yeniyetmə-gənclərin siqaretə meyilli olmamasındadır. Çəkənlər də əsasən qadınlardır. Ümumən, tütündən istifadə edən çox az sayda kişi gördüm, çünki xorvatlar sağlam həyat sürürlər. Üstəlik, əhalinin böyük qismi hündürboylu və idmançı görünüşlüdür.

Küçələr təmizdir, yol kandarlarında bir cərgə boyu ağaclar əkilib – əsasən fıstıqdır. Azərbaycan respublikasının mərkəzi komitəsinin 13-cü katibi rəhmətlik Əbdürrəh Vəzirov bir vaxtlar qoz ağaclarının əkilməsini nahaq tövsiyyə etmirdi. Onda onu məsxərəyə qoyurdular, amma Balkan və Şərqi slavyan ölkələrində bunun faydalarını gördükdə, məsələni mahiyyətini anlayırsan.
Zaqrebin köhnə hissəsi qədimi binalarla əhatə olunub. Tarixi hissə çox böyükdür. Binalar o dövrün Bakısındakı kimi nizamla, cərgə ilə tikilib. Hərçənd küçələr bizdən xeyli enlidir. Əzəmətli binalar az deyil. Mərkəzdə bizim “Torqovı”ya bənzər İviça küçəsi uzanır. Onun ucu-bucağı görünmür. Civarında 3-4 mərtəbəli binalar düzülüb. Hər tikilinin arasında böyük tağ var, oradan həyətə yol açılır.
Müxtəlif nöqtələrdə meydanlar var, əhatəsində kilsələr ucalır. Yeni binalar əsasən şəhərin ətrafında, yeni Zaqreb ərazisindədir. Bakının üstünlüyü – memarlıq binalarının möhkəmliyindədir. Abşeron yarımadasında daş karxanaları çox olduğundan, binalar qaya daşları ilə tikilib. Elə əksərinin üzlükləri də daşla örtülüb. Bu üzdən onlar möhkəm və davamlıdır. Baxmayaraq ki, onun qədrini bilmirik və bəzi səlahiyyətli şəxslər tarixi abidələri məhv etməklə məşğuldurlar. Bayır şəhərin müsəlman məhəlləsi hazırda dağıntıya məruz qalan hissədir.
Zaqrebə gəlincə, qədimi binalar kərpiclə inşa olunub. Belə baxanda, onların fasadının daş lövhələrlə örtüldüyünü zənn edirsən. Əslindəysə, sementlə işlənilib. O da bir müddətdən sonra tərkibini itirir. Bu səbəbdən qədimi tikililərin üzləri vaxtaşıtı tökülür. Hazırda mərkəz hissədə köklü yenidənqurma və bərpa gedir. 

Xorvatiya muzeylərlə zəngindir, tək paytaxtda 49-u yerləşir. Bəziləri açıq havadadır. Onlardan biri Arxelogiya muzeyidir – onun həyətini eramızdan əvvəl və bizim erada Roma imperiyaları dövrünə aid abidələr bəzəyir.
Mərkəz çox bahalıqdır. Təsəvvür edin, bir cüt dəri “İnspektor” ayaqqabının qiyməti 400 avrodur. Ən ucuz maqnit 4 avrodur. Şəhərdə emiqrantlar çoxdur. Onların qazancı ayda 1000 avrodur. Orta məvacib 2000-3000 civarındadır. Baxmayaraq ki, paytaxtda qiymətlər ucuz deyil və digər slavyan ölkələrindən fərqlənir. Ümumiyətlə, mərkəzdə yaşayan azdır, əsasən mehmanxanalar, yataqxanalar və əyləncə müəssisələri fəaliyyət göstərir. Açıq-saçıq geyimli qizlar yetərincədir – isti havalarda əksər qızlar sinəlikdən istifadə etmirlər. Gənclər istimai yerdə səs-küyə meyilli olsalar da, adam arasında çox da öpüşmürlər. 11 gün ərzində cəmi bir dəfə belə halla rastlaşdım. LGBT də çox az idi. Əvəzində, Dubay şkoladı Zaqrebə ayaq açıb.

Qaldığım məkan Türkiyə səfirliyi eyni küçədə – Andrije Hebrangada yerləşirdi. Maraqlıdır ki, otaq yoldaşım Yakutiyadan idi. Ayban da yarışa gəlmişdi, tələbəsi vardı. Dedim, siz də türksünüz, – təsdiqlədi və başladı birdən onacan bizim, yəni türk dilində saymağa. Maşallah! Azərbaycanda olduğunu dedi. Məşhur güləş adamlarının hamısını tanıdı. Lənkəran çayını sevirdi. Dedi mənə Yakutiyaya göndərə bilərsən? Məmuniyyətlə, – söylədim və qayıtdım ki, gərək təmizini tapım. Günün birində öz telefonunda milli mahnıya qulaq asırdı. Mənə də çox xoş oldu – bağ, doğmalıq vardı. Aybandan onu mənə göndərməsini xahiş etdim, sonra dəfələrlə qulaq asdım. Dinlədikcə, ruhum dincəlirdi. Xorvatlarda elə sözlər var bizlə eyniydi: kebab (kabab), sapun (sabun), badem (badam), bazaar  (bazar).
Bir gün “Studentski” ərzaq mağazasında işləyən orta yaşlı satıcı haradan gəldiyimi soruşdu. Azərbaycandan olduğumu biləndə üzü güldü, ölkəmizi təriflədi. Dedim, məmləkətlərimiz dostdurlar. Bilirəm, – söylədi. “Zara”da işləyən hündürboylu cavan oğlan da Azəbaycanın yaxşı ölkə olduğunu və orada yaxşı futbol olduğunu qeyd etdi. Yəqin “Qarabağ” klubun nəzərdə tututdu, çünki milli komandalarda öyünüləsi bir şey yoxdur.

Yarışın keçirildiyi “Zaqreb arena” şəhərin yeni hissəsində yerləşir. 324 saylı avtobus düz yanına gedirdi; 14 nömrəli tramvay isə bir qədər həndəvərindən keçirdi. Ümumi təşkilatçılıq yüksək səviyyədə olsa da, mətbuat üçün qidalanma çox zəif idi. Gündə bir dəfə, o da səhər saatlarında, masanın üstünə müəyyən qədər səndviç, pendir, gilələnmiş meyvələr və qismən çərəz qoyulurdu.
Yarışın ilk günündə KİV üçün tribunada ayrılan yerdə pulqabımı itirdim. Açıq sarı rəngdə “hərbçi” şalvarım elastik olduğundan, cüzdan arxa cibimdən sürüşüb açılıb-qatlanan oturacağın arxa hissəsinə düşmüşüü. Duyuq düşəndə, elə də zənn etmişdim. Sadəcə, idman qurğusunun tamaşaçı hissəsi ala qaranlıq olduğundan və pulqabı zənn etdiyimdən daha arxa tərəfə düşdüyündən, onu ilk aramalarda tapa bilmədim. Hazırlaşırdım ki, xarici hesablarımı kilidləyim, bir qədər də səbrli olub sonuncu dəfə dərindən ətrafı gəzdim. Qayıtdıqda, onu görünməz yerdə aşkarladım. Bundan sonra ehtiyatlanaraq cüzdanı sağ dizimin yan hissəsindəki cibimdə gəzdirirdim. 

Yarimfinalda 4-qat dünya çempionu Eldəniz Əzizli (55 kq) Üzeyir Hacıbəylinin məşhur “Arazbarı” musiqisinin sədaları ilə səhnəyə daxil oldu. Gözəl mənzərəydi, qürrələnməmək mümkün deyildi. Dünya güləş birliyi bu idmançımıza özəl sayğı göstərmişdi. Tanınmış bahadırların təqdimatında böyük ekranda onun da firkinə yer verilmişdi. Təşkilatçılar da bizimkilərə qarşı diqqətliydilər.
Azərbaycanlı tamaşaçıların rəng qatdığını görən fürsətcil AGF-in rəhbərliyi əllərinə bayraq alaraq həmyerlilərimizə qoşuldular. Sanki bu işləri onlar təşkil etmişdilər. Əslində isə, belə məsələlərə həmişə biganə olublar.



Yeri gəlmişkən, bu səfərə güləş federasiyası 2 KİV orqanı – İTV və azerisport.com-u maliyyələşdirmişdi. O üzdən onlar əlbir olub ümumi media zonasında allsport.az-ın mikrafonunun görünməsini istəmədilər. Çünki AGF-in icraçı rəhbərlərinin siyasəti – güləşin təbliğatı deyil, qazanılan medallardan bacardıqca bol mükafat götürməkdir. Yaxşı anlayırlar ki, Loc Anceles-2028-dən sonra zəif nəticəyə görə yola salınacaqlar. Onlar güləş düşündürsəydi, hər işə peşəkar yanaşar və öz hesabına bu idman növünə dəstək verənin mikrafonunu önünü kəsməzdilər. Əldə etdiyim məlumata görə, nazir Fərid Qayıbov da güləşdə olan bu durumdan narazıdır və bərk narahatdır. Axı güləş əvvəllər aparıcı idman növləri içində həmişə 1-ci dayanırdı.


Qlavnı Kolodvordan “Zaqreb arena”ya gəldikdə, şəhər ətrafında yolun sağ hissəsində böyük cıdır meydanı, ona bitişik ərazidə atların məşq keçmək üçün bir neçə meydançası yerləşirdi. Sol tərəfdə Zaqreb “Lokomotiv”inin sayı-hesabı bilinməyən məşq meydançaları vardı. Ondan öncə xeyli sayda tennis kortları, futbol məktəbindən sonra isə, top komandalar üçün 10 ədəd ayrı-ayrı üstü qapalı meydançalar gəlirdi. Hiss olunurdu ki, bu ölkədə idmana diqqət sözdə deyil, əməldə mövcuddur. Bu üzdən əhali pis vərdişlərdən uzaq, sağlam həyata meyillidir. Yaxşı olardı ki, bizimkilər Xorvatiya təcrübəsindən yararlanardılar. Bölgələrdə olimpiya idman komplekslərinin tikilməsi təqdirəlayirdir. Amma, ən əsası, faydalı iş əmsalılığı və onun sosialyönümlü olmasıdır. Üstəlik, ölkədə stadion və keyfiyyətli təbii ot ötrüyü çatışmamazlığı var. Bunu 3-cü MDB oyunları üçün Türküstandan Azərbaycana səfər edən həmkarlarımız da qeyd etdilər. Nəinki güclülər dəstəsində, 1-ci liqada bu nöqsan daha çox nəzərə çarpır və ölkə çempionatlarının təşkilinə məsul PFL hər dəfə bunu görməməzliyə vurur. Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir.

Həmin kateqoriyadan