Zidan Hünbətov erməni, Malik Həsənov italyan rəqibinə qalib gəlib

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri davam edir. Allsport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı qələbə qazanıb.

55 kq-da Zidan Hünbətov 1/8 finalda Jirayr Sarqsyanla (Ermənistan) döyüşüb. Boksçumuz erməni rəqibinə heç bir imkan verməyib və hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). O, növbəti görüşdə ukraynalı Maksim Zimenko (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş fevralın 27-nə təsadüf edəcək.

Malik Həsənov (65 kq) turnirə qələbə ilə başlayıb. O, Cakomo Canniottini (İtaliya) məğlub edib. Rəqib zədələndiyi üçün boksçumuz ikinci raundda qalib elan olunub – 4:0 (20:18, 19:19, 20:18, 20:18, 20:18). Həsənov fevralın 26-da 1/8 finalda ilk mərhələdən azad olan Artur Saakyanla (Ermənistan) qarşılaşacaq.

Yarışa martın 1-də yekun vurulacaq.

Həmin kateqoriyadan