Ayşən Abduləzimova: “Vaşaş”la müqavilə imzalayarkən özümə söz vermişdim ki, kuboku qazanacam”

Millimizin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubunun heyətində ölkə kubokunu qazanıb. Allsport.az xəbər verir ki, onun formasını geyindiyi komanda finalda “Nyireqiaza”nı 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesabı məğlub edib.

Yığmamızın kapitanı titul qazanması barədə fikirlərini bölüşüb:

“Mövsüm mənim və komandam üçün çox ağır keçir. Oyunlarımızın sayı çoxdur. Ölkə çempionatı ilə bərabər çempionlar liqası və kubok oyunları da çıxış edirdik. Dünənki qarşılaşma mövsümdə 31 matçımız idi. Keçən il biz ölkə kubokunda 3-cü yerin sahibi olmuşuq.

“Vaşaş”la bu mövsüm üçün müqavilə imzalayarkən özümə söz vermişdim ki, bu il kuboku qazanacam. Şükürlər olsun ki, istəyimi həyata keçirə bildim. Dünənki final matçı bəlkə də, karyeramın ən yaxşı oyunu oldu. Hazırda çempionat davam edir. Turnir cədvəlinin 3-cü pilləsindəyik. Məqsədimiz isə çempion olmaqdır”.

Həmin kateqoriyadan