Azər Məhərrəmov: Yeni dövrədə bütün triatlonçularımıza böyük ümid bağlayırıq

Triatlon federasiyasında icraiyyə komitəsinin 2-ci iclası olub. Allsport.az saytı xəbər verir ki, toplantıda yığma komandanın ilk qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə bu mövsüm üçün planlar müzakirə edilib. ATF-in prezidenti Azər Məhərrəmov cari ilin komandamız üçün uğurlu başladığını deyib. Bildirib ki, cari ildə idmançılarımızın aktivində üç gümüş medal var. Yığma komandanın lideri Rostislav Pevtsov Las-Palmasda keçirilən Avropa kubokunda, həm də Misirin Şarm Əl-Şeyx şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında fərqlənib. Kseniya Levkovskaya Misirdə gümüş medal qazanıb.

Qeyd edilib ki, bu ildən başlayaraq triatlon komandamız olimpiya marafonuna qatılacaq. İdmançılarımız Tokio-2020-yə vəsiqə qazanmaq üçün təsnifat turnirlərdə iştirak edəcəklər. Yay olimpiya oyunlarından əvvəlki 2 il ərzində triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə olimpiadaya lisenziya xalları toplayırlar.

O, deyib: “Azərbaycanın triatlon idmanı ilk dəfə Rio olimpiadasında təmsil olunub. Bu nailiyyətə görə biz hamımız fəxr edirik. Bu, gələcəkdə daha yaxşı nəticələrə ümid etməyə əsas verir. Rostislav Pevtsov Rioya lisenziya alıb və orada debüt edib. Təbii ki, yeni dövrədə başqa idmançılarla yanaşı, ona da böyük ümid bağlayırıq. Kseniya Levkovskaya və Darina Moskalenko da olimpiya vəsiqələr uğrunda mübarizə aparacaqlar”.

Azərbaycanın gənclər yığması isə İspaniyada ilk təlim-məşq toplanışını keçirir. Orada triatlonçuların hərtərəfli hazırlaşması üçün gözəl imkanlar var. Təqvimə əsasən, komandamız Ukraynanın Jitomir şəhərində açıq çempionatda və başqa turnirlərdə iştirak edəcək.

ATF-nin prezidenti vurğulayıb ki, komandanı çox maraqlı və gərgin mövsüm gözləyir. Gənc idmançılar nəsli yetişir. Qarşıya qoyduğu plan və vəzifələri həyata keçirən federasiya bu mövsüm olduqca məzmunlu fəaliyyət göstərməyi və məsuliyyətli olmağı vəd edir. Cari ildə idmançıları bir sıra böyük sınaqlar, o cümlədən Olimpiya təsnifat yarışları gözləyir. Bu turnirlər Azərbaycan triatlonçuları üçün yeni çağırış olacaq.

Həmin kateqoriyadan