Azərbaycan çempionatında yeni mövsümün açılışı

Dekabrın 15-də qadın və kişi voleybolçuların Azərbaycan çempionatında yeni mövsümünün açılış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakı voleybol mərkəzində təşkil edilən tədbirdə Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Heydər Əliyev adına hərbi institutun rektor müavini, 2-ci Vətən müharibəsi qəhrəmanı Nizami Mövlanov, Azərbaycan voleybol federasiyasının prezidenti Cavid Qurbanov, I vitse-prezident Faiq Qarayev, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov və digər rəsmi qonaqlar qatılıblar.

AVF rəhbəri komandalara uğurlar arzuladıqdan sonra bildirib ki, Azərbaycan voleybolçuları həmişə Avropada və dünyada öz sözlərini deyiblər: “Bu idman növü ölkəmizdə çox sevilib və bu gün də sevilir”.

O, voleybolun ölkəmizdə daha da kütləviləşəcəyinə, həmçinin yeni inkişaf yoluna qədəm qoyacağına və yenidən beynəlxalq arenalarda yığmalarımızın öz sözünü deyəcəklərinə inam ifadə edib. Qeyd edib ki, Azərbaycan voleybolu əvvəlki səviyyəsini tezliklə bərpa edəcək.

Ardınca Çingiz Hüseynzadə MOK adından voleybol bayramının başlaması münasibətilə hamını təbrik edib, iştirakçılara uğurlar arzulayıb: “Əminəm ki, Azərbaycan voleybolu çox qısa vaxtda öz əvvəlki nüfuzuna qayıdacaq”.

Mövlanov isə Azərbaycan xalqının, qalib ordumuzun hər şeyə nail ola biləcəyini deyib. O, çempionluq uğrunda əzmkar mübarizənin gedəcəyinə inandığını söyləyib.

Ardınca müdafiə nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında dövlət himni səslənib.

Həmin kateqoriyadan