ACF-dən ölkəmizin nüfuzuna zərbə: Bremendə “Qrosmarket”də oğurluq!

Sovet dönəmində yüksək ovqatlı bir cizgi çəkilişi vardı: “Bremen musiqiçiləri”. Sevirdim o görüntünü. Hər dəfəsində həvəslə izləyirdim. Uşaqlığımızın şirin xatirəsiydi. Ruhumuzu nağıllar aləminə aparırdı. Musiqi səhnələri ürəyimizə yatırdı. Bəzi mahnıları Müslüm Maqomayev səsləndirirdi. Həmin dövrdə indiki kimi hər evdə beynəlxalq rabitə yox idi. Yurd dışı ilə danışmaq ancaq yüksək dairədə mümkündü. O üzdən sevdiyin səhnələrə tamarzıydın. Arzulayırdın ki, hansısa əlamətdar gündə göstərsinlər. Bu bayramda həmin şəhərdə olay yaşanıb. Bilmirəm ona nə ad qoyum. Açığı, azərbaycanlı olaraq utanıram. Bir şeyi vurğulaya bilərəm ki, diqqət mərkəzinə cüdoçular düşüb. Baş rolda ACF-in prezidentinin müşaviri Natiq Bağırovun tələbəsi Fərid Qarayev olub. Belə görünür, federasiyanın ətəklə xərclədiyi maarifləndirici məşğələlər boşuna imiş.

Kəsəsi, 20–22 martda Almaniyanın adı çəkilən şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib. Yarışda 30 ölkədən 839 idmançı mübarizə aparıb. Bu sınaqda U-18 və U-21 milli tağımlarımız nə az, nə çox, düz 53 nəfərlə təmsil olunub. Rəsmi məlumat belədir.
Yeniyetmə oğlanlarda seçmənin baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadənin rəhbərliyi ilə Rza Xəlilli (50 kq), Məhəmmədəli Hüsiyev (60 kq), Ayxan Həsənli (81 kq) və Ömər Axundov (90 kq) bütün rəqiblərini üstələyiblər. Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq) və Polad Həsənli (81 kq) 2-ci yerlə kifayətləniblər. Nihad Ağayev (50 kq), Devid Mahmudov (55 kq), Mikayıl Qocayev (60 kq), Elgün Səfərov (66 kq), Sadiq Məmmədov (73 kq), Yaqub Məmmədov (81 kq), Nurəddin Əliyev (90 kq) və Tamerlan Əliyev (+90 kq) bürünc medal qazanıblar.

Gənc oğlanlarda millinin baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə Cəsur İbadlı (81 kq), Süleyman Şükürov (90 kq), Ramazan Əhmədov (+100 kq) baş mükafata yiyələniblər. Ayxan Mirzəzadə (60 kq) ilə Əli Qazıməmmədov (90 kq) ancaq finalda yeniliblər. Səlim Sultanov (73 kq), Mehdi Abbasov, Roman Qarayev (hər ikisi – 81 kq), Davud Namazlı, Vidad Əliyev (100 kq), Eldar Əliyev və Sübhan Axundov (+100 kq) 3-cü yer tutublar.
Nəticələr ürəkaçandır. Hərçənd, adi turnir olub, adı nə Avropa, nə də dünya cüdo ittifaqlarının təqviminə düşüb. Hər üzv üçün 150 avro ödənilib. Səfərdə əsas millinin baş məqşçisi Riçard Trautman və gənc çalışdırıcı Abdulhaqq Rəsullu da yer alıblar. Baxmayaraq ki, onların bu yaş dərəcələri üzrə komandalara birbaşa aidiyyatları yoxdur. Adı 2-ci çəkilən şəxs ACF-in baş katibi Rəşad Rəsullunun əmisi oğludur. Çox güman, həm bu səbəbdən, həm də hansısa sövdələşmə üçün yollanıb. Riçard Trautmana gəlincə, yarışın təşkilatçılarından biri onun qardaşı olduğu deyilir. Ümumiyyətlə, Azərbaycan cüdo federasiyası müxtəlif öhdəliklər götürüb. Onlardan biri də alman vətəndaşlarının rifahının daha yaxşılaşdırılmasıdır.


İndi keçim əsas mövzuya. Adətən yarışdan öncə və sonra idmançılar şəhərin müxtəlif gəzməli-görməli yerlərini dolanıb brend dükanlardan alış-veriş edirlər. Haqqında lap yuxarıda qeyd etdiyim cüdoçu Fərid Qarayev komanda yoldaşlarından biri ilə beynəlxalq mağaza şəbəkəsi “Qrosmarket”dən müxtəlif şeylər alıblar. Pul sandığında haqq-hesabdan sonra çıxışda onun zəmbili qoruyuçu qurğuda həyacan səsi verib. Bu zaman o, yoldaşını qoyub qaçıb. Digər idmançımız yoxlamadan təmiz çıxıb. Mühafizəçilər qitə kuboklarının mükafatçısını polislərə məxsus dalğa buraxan xüsusi cihazla dayandırıblar. Səfərdə olanların dediyinə görə, onu əzişdiriblər. Bu hadisə üzündən Natiq Bağırovun tələbəsini məşqçilər yarışa buraxmayıblar. İştirak siyahısında adının olmaması durumu təsdiqləyir: 60 kq-da gənclərdə 3 təmsilçimiz mübarizə aparıb (https://mastersbremen.com/tournaments/67/sheets/-60/1). Onu paytaxtda sərt cəza gözləyir. Fərid Qarayevin adı digər bir qalmaqalda (bıçaqlanma) da keçib. Sonradan şəxsi məşqçisinə görə bağışlanılıb. Belə görünür, qarşısında Natiq Bağırovun adı olan cüdoçu adam öldürsə və ya vətənə xəyanət etsə belə, ona “yaşıl işıq”dır. Məbada cüdo aləmində kiminsə onunla, ya da ACF prezidenti müşavirinin rəğbət bəslədiyi “A” dərəcəli hakim Arzu Acalova ilə sözü çəp gələ, vay o adamın halına! Başqaları xırda bir nöqsana görə ən ağır cəzaya məruz qalırlar. Son isbatı bu ayın 28-29-da beynəlxalq yarış keçirmək istəyində olan Fərid Allahverdiyevdir. Nəsə xırda anlaşmamazlıq olub, məşqçi qadağa ilə üzləşib.

Bremendə rüsvayçılıq Bakıda duyulunca federasiya rəhbərliyi hər vasitə ilə xəbərin ictimailəşməməsi üçün tapşırıq verib. O üzdən məlumatı müxtəlif mənbələrdən təsdiqləmək üçün bir-iki gün gözləməli oldum. Deyilənə görə, milli üzvləri ağızlarından nəsə qaçıracaqları halda komandadan qovulmaqla hədələniblər. Həmyerliləri ilə məsələni yoluna Riçard Trautman qoyub. Hadisəyə görə cərimə ödənilib. Ümumiyyətlə, son dövrdə cüdoda durum ürəkaçan deyil. Olimpiya çempionu Hidayət Heydərovun nizam-intizam qaydalarına riayət etmədiyi üçün ötən ay cəzalanması buna əyani misaldır. Onun hazırda yüksək hazırlıq səviyyəsindən xeyli uzaq olduğu söylənilir. Qısası, Allsport.az-a çox ciddi bilgilər daxil olub: “Ma….on” mehmanxanasında kimi kiminlə uyğun olmayan vəziyyətdə görüblər? Y.K. ad-soyadlı belaruslu xanım nələri söyləyib? Qadın millisində nə baş verir? O şəxslərin ACF-in qərargahında nə işləri var? Niyə məhs “FS Travel” ilə? Xeyli müddətdir araşdırma və dəqiqləşdirmə gedir. Yurd dışından gələn məlumatlar da cəmləşdirilmə üzrədir. Sübutlar təsdiqini tapınca, böyük əks-səda doğuracaq…

Kamran HACI

Həmin kateqoriyadan