“Azərreyl” əcnəbiləri yola salır: kapitanın müqaviləsi pozuldu

Çağırış kubokundan imtina edən “Azərreyl”də ayrılıq baş verib. Allsport.az klubun saytına istinadla xəbər verir ki, “dəmiryolçular” əcnəbi oyunçularla muqavilələrə xitam vermək üçün danışıqlıqlar aparır.

İlk olaraq ötən mövsümdə komandanın kapitanı olmuş sloveniyalı Moytsa Pene ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildi. O, fikirlərini bölüşüb:

“Koronavirus pandemiyası ilə əlaqədar olaraq Bakıdakı “Azərreyl” klubundan aldığım son bildirişdə qeyd olunur ki, ölkədəki məhdudiyyətlərlə bağlı müqaviləmə xitam verilməlidir və mən çox gözlədiyim növbəti mövsüm üçün öz komandama qayıda bilmərəm. Eh, koronavirus…

İyun və iyulda fərdi məşqlər edirdim. Özümü yeni mövsümə yaxşı hazır sayırdım. İndi isə B planı işə düşür. Özümə yeni klub tapmalı və komandama mümkün qədər tez qoşulmalıyam. Yenidən transfer bazarına üz tutmalıyam. Kimsə bu mövqeyə oyunçu axtarırsa, mən formadayam və başlamağa hazıram. Mənə xəbər edin.

Bakıda möhtəşəm bir il oldu. Mən məmnuniyyətlə qayıdacaqdım. Amma görün nə oldu… Vəziyyətə biz nəzarət edə bilmərik. Mən ötən mövsüm, əla və unudulmaz mövsüm keçirmək imkanı üçün kluba, aylarla qayğımı çəkən personala təşəkkür etmək istəyirəm. Düşünürəm ki, biz əla il keçirdik və bir oyun da uduzmadıq. Mənim düşüncəmdə biz çempion olduq, amma koronavirus bizi saxladı. Hər şey üçün təşəkkürlər, Bakı!!! İndi məni yeni sınaqlar gözləyir”.

Həmin kateqoriyadan