Azad Rəhimov AOK-un baş assambleyasında hansı məsələlərə toxundu?

Polşa paytaxtı Varşavada rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov Avropa olimpiya komitələrinin 48-ci baş assambleyasında çıxış edib. Allsport.az saytı xəbər verir ki, BOK prezidenti Tomas Bax, AOK rəgbəri Yanez Kociançiçin də qatıldığı tədbirdə, azərbaycanlı qonaq bir neçə mühüm məsələyə toxunub. İlk olaraq iyulda Bakıda 15-ci Avropa olimpiya gənclər festivalı haqqında danışan nazir, bu yarışa hazırlıq, görülmüş işlər, təşkilati məsələlər və  ümumilikdə bir sıra istiqamətlər haqqında məlumat verib:

“Avropanın 48 ölkəsindən 2613 ən yaxşı idmançının qatıldığı bu  yarış, 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırıldı. 763 yerli və beynəlxalq texniki heyət oyunların həyata keçirilməsinə cəlb olundu.12 idman arenası yarışların keçirilməsi üçün bütün standartlara cavab verirdi. 500 Azərbaycanlı peşəkar bu oyunların araya-ərsəyə gəlməsində müstəsna rol oynadı.”

Sonra ölkəmizin idman siyasətindən, bu istiqamətdə atılan addımlarldan söz açan nazir Azad Rəhimov, ölkəmizdə ötən illər ərzində uğurla həyata keçrilmiş idman yarışları, bu yarışlara olan tamaşaçı marağı, idman arenalarının fəaliyyəti, idman siyasəti  və digər mühüm məsələlər barədə də söz açıb.

Könüllük hərəkatının da Azərbaycanda çox geniş vüsət aldığını diqqətə çatdıran nazir, hal hazırda tək idman yarışlarında deyil, digər tədbirlərdə də könüllülərin aparıcı qüvvə olduğunu söyləyib. Nazir bildirib ki, Avropa olimpiya gənclər festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olmuşdur.

Səfəri çərçivəsində nazir Azad Rəhimov BOK, AOK və digər mötəbər qurumların rəhbər şəxsləri ilə də görüşlər keçirib.

Həmin kateqoriyadan