Beynəlxalq Cüdo Federasiyasıdan dünya çempionatı ilə bağlı təqdimat

Beynəlxalq Cüdo Federasiyası sentyabrın 20-27-də milli gimnastika arenasında keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat xarakterli reportaj hazırlayıb. Allsport.az saytı xəbər verir ki, çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakıda və Sumqayıtda aparılıb. Barselona-1992-də ilk olimpiya çempionu kimi tarixə düşən Nazim Hüseynov təqdimat videosunda onu uğura aparan yoldan söz açıb:

“Odlar yurdu Azərbaycan gözəl ölkədir. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu gün Azərbaycanda cüdo sürətlə inkişaf edir. Cüdo uşaqlar və gənclər üçün nizam-intizam deməkdir. Kiminsə xətrinə dəysələr, cüdoçu onda kömək edə bilər. Yəni, zəifləri müdafiə edə bilər. Nailiyyət göstərmək istəyi ilə 11 yaşımda cüdoya gəldim, 13 yaşımda qolum sındı. Artıq 15 yaşımda yeniyetmələr arasında Bakı, respublika çempionu oldum. Bundan sonra yığmaya daxil oldum, təlim-məşq toplanışlarına cəlb edildim. Əlamətdar gündə – 1992-ci il avqustun 2-də öz ad günümdə Olimpiya çempionu adını qazandım”.

“Barselona olimpiadasında Nazim Hüseynovun qələbəsi hələ də gözümün qabağındadır”, – deyə ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev deyib. O, fikirlərinə həqiqi hərbi xidmətdə olduğu zaman Ermənistan snayperinin açdığı atəş nəticəsində yaralanmasından sonra görmə qabiliyyətini itirməsi ilə davam edib: “Cüdoya başlayandan qısa müddət sonra respublika daxilində uğurlarım oldu. Amma 1998-ci ildə həqiqi hərbi xidmətə çağırıldım və Vətən qarşısında borcumu yerinə yetirməyə yollandım. 1999-cu il fevralın 4-də döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. Beş gün koma vəziyyətində qaldım. Nəticədə görmə qabiliyyətimi tamam itirdim. İdmana qayıdışım real görünmürdü. Təzədən cüdoya qayıtmağım fantastik ola bilərdi. İlk günlər tatamidə bu vəziyyətə alışmaq çətin idi. Amma bu gün tatamidə özümü “suda balıq” kimi hiss edirəm. Rəqibi görməsəm də, hiss edirəm. Hara baxdığını, hansı fəndə cəhd etdiyini duyuram. Yaralandıqdan sonra idmana, məhz cüdoya qayıtmağımla həyatımda yeni səhifə açıldı. Bundan sonra cüdonu daha çox sevdim. Çünki cüdo həyat tərzimə çevrilib. Deyərdim ki, cüdo mənim həyatımdır. Beynəlxalq Cüdo Federasiyasının dünya çempionatının Azərbaycanda keçirilməsinə etimad göstərməsi ölkəmizdə bu idman növünün inkişafının göstəricisidir”.

2015-ci ildə Sofiyada yeniyetmələr arasında Avropa çempionatının qalibi olan Şəhanə Hacıyeva Azərbaycan cüdoçularının dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını ifadə edib. Cəbrayıl rayonunun işğal edilməsindən sonra Sumqayıtda məskunlaşan məcburi köçkün ailəsinin üzvü idmana valideynlərinin istəyi ilə gəldiyini deyib: “Valideynlərimin idmana böyük həvəsi vardı və məni də idmana qoymaq istəyirdilər. Bir-iki növü məsləhət gördülər. Mən isə cüdonu seçdim. Ailəm Cəbrayıldan məcburi köçkün düşüb. İnsanın qarşısında məqsədi, özünə inamı varsa, hər bir şeyə nail ola bilər. Dünya çempionatına çox güclü hazırlaşırıq. İnanırıq ki, çempion olub Olimpiadaya lisenziyanı təmin edəcəyik”.

2008-ci il Pekin olimpiadasının qalibi Elnur Məmmədli 1992-ci ildə Nazim Hüseynovun olimpiya çempionu olmasından sonra cüdoya həvəsinin yarandığını söyləyib. O, gənclərə tövsiyələrini də çatdırıb: “2008-ci il avqustun 11-i mənim üçün unudulmaz gündür. Həmin gün həyatıma ağ zolaq yazıldı. Geriyə baxmaq istəmirsən. Deyirsən ki, bu çətinliyi keçməyim nə yaxşı oldu. Rahat nəfəs ala bilirsən. Xalqımın öz qəhrəmanı ilə qürur duyması məni çox sevindirirdi. Bu, gözəl hisslərdir. Bütün gənclərə üzümü tutub deyirəm ki, narkomaniyadan uzaq olsunlar, sağlam həyat tərzi keçirsinlər. Peşəkar və ya həvəskar olmasının fərqi yoxdur, əsas odur ki, idmanla məşğul olursan və daxili gücünü ortaya çıxarırsan”.

 

Həmin kateqoriyadan