- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Azərbaycan millisinin Avropa çempionatındakı çıxışlarını izləyirəm. Görünür ki, komanda daha yaxşı oyun göstərə bilər. Oyunçular kifayət qədər gəncdir və onlardan nəsə gözləmək də düzgün deyil. Heyətdə Natalya Məmmədova, Polina Rəhimova, Yelizaveta Krneta, Odina Əliyeva kimi bəzi aparıcı oyunçular da yoxdur”.
Allsport.az saytı xəbər verir ki, bunu Serbiya voleybol federasiyasının prezidenti Zoran Qayiç deyib. Vaxtilə “Rabitə” və “Telekom”u çalışdıran mütəxəssis, Azərbaycan millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib. O, ardıcıl 4 oyunda set qazanmadan uduzan yığmamızdan nəsə gözləməyin düzgün olmadığını deyib:
“Bir sual yaranır, Avropa çempionatı bitdikdən sonra bu qızlar harada oynayacaqlar? Bəli, kimisə xaricdə çıxış edəcək, amma bildiyim qədər hazırda Azərbaycanda ölkə çempionatı yoxdur. Gənc oyunçuların inkişafı üçün isə mütləq ölkə çempionatı təşkil olunmalıdır. Böyük idman ənənələri olan bir ölkədə hazırda Azərbaycan çempionatı niyə keçirilmir? Bütün bunlar oyunçuların inkişafına mənfi təsir edir”.
O, Azərbaycan millisini inkişaf etdirmək üçün mütləq ölkə çempionatını bərpa etmək və güclü liqa yaratmaq lazım olduğunu qeyd edib: “Ən azı 6 komanda olmalıdır. Bir neçə təcrübəli əcnəbi oyunçu da cəlb etmək lazımdır ki, azərbaycanlı voleybolçular mövsümboyu onlarla birgə çıxış etsinlər və oyun praktikası qazansınlar.
Azərbaycanın voleybol ənənələri var. Mən bir neçə il “Rabitə” klubunda çalışmışam və bu çempionatı görmüşəm. Azərbaycan birinciliyi Avropanın ən güclü çempionatlarından sayılırdı. Əlbəttə, həmin vəziyyəti qoruyub saxlamaq üçün böyük maliyyə lazımdır. O zaman “Azərreyl”, “Azəryol”, “Lokomotiv”, “Rabitə” Avropanın ən güclü klubları sırasında yer alırdılar.
Xatırlayıram, həmin illərdə yaxşı təşkilatçılıq vardı. Azərbaycan milli komandası da bu illərdə beynəlxalq yarışlarda daha yaxşı çıxış edirdi. Deməli, yenidən 6 klub yaradılmalı, yerli oyunçular bu komandalarda yerləşdirilməlidir. Bu komandaları daha da gücləndirmək lazımdır ki, oyunçular da inkişaf etsinlər.
Bunu təkcə federasiya edə bilməz. Bu işdə dövlət federasiyaya dəstək verməlidir. Məsələn, Serbiyada qayda belədir ki, federasiya dövlət büdcəsindən maliyyələşir və ümumi nəzarət var. Ayrı-ayrı klubları isə təmsil etdikləri şəhərlər və sponsorlar maliyyələşdirir. Federasiya isə lazım olanda həmin komandalara dəstək verir. İlk növbədə klub səviyyəsində yaxşı təşkilatçılıq olmalıdır. Azərbaycan çempionatı keçirilməlidir. Bunsuz milli komandanı formalaşdırmaq çox çətindir”.