- Baxış sayı: 149
- 16 Noyabr 2024 12:44
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Rəvan”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Fizuli Məmmədov klub saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Qış fasiləsində nəzərdə tutulan təlim-məşq toplanışınız başa çatdı. Hazırlıq prosesini necə dəyərləndirirsiniz?
– Təlim-məşq toplanışı planlaşdırdığımız kimi keçdi. Yanvarın 5-dən 12-dək klubumuzun Qaraçuxur qəsəbəsində yerləşən bazasında məskunlaşdıq. Gündə 2 dəfə məşq etməklə yanaşı, 1 yoxlama oyununda da qüvvəmizi sınadıq. “Neftçi”nin U-19 komandası qarşılaşdıq və 5:1 hesabı ilə qalib gəldik. Ümumilikdə götürsək, toplanışdan çox razı qaldım. Fürsətdən istifadə edib, klub rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Klubun bazasında hər cür şəraitlə təmin olunmuşduq. Məşqlərimizi də elə Qaraçuxurdakı süni örtüklü meydançada reallaşdırdıq.
– “Rəvan”ın U-19 Liqasında lider olması sürpriz nəticə kimi qiymətləndirilir. Qış fasiləsində 1-ci pillədə yollanmağınız sizin üçün də gözlənilməz oldu?
– Yay fasiləsində çempionatın başlamasında 25 gün qalmış toplaşdıq və ağır məşqlərimiz oldu, yaxşı hazırlıq keçdik. Həmin vaxt komandanın potensialını göz önünə alaraq, qarşımıza məqsəd qoyduq ki, qış fasiləsinə ən azı ilk “üçlük”də yollanmalıyıq. Sevindirici haldır ki, bu gün turnir cədvəlinin ilk pilləsində qərarlaşmaqla yanaşı, ən yaxın izləyicilərimizi 6 xal qabaqlayırıq. Üstəlik, onlardan 1 oyun az keçirmişik. Düşünürəm ki, “Rəvan”ın lider olması təsadüfi deyil, biz buna layiq bir komandayıq. Zirvədə olmaq haqqımızdır. Uşaqların əziyyəti, əzmkarlığı hesabına hamıdan öndəyik. Verilən tapşırıqları yerinə yetirmələri və işlərinə məsuliyyətli yanaşmaları öz sözünü deyir. Bu gün bizim lider olmağımızın əhəmiyyəti çox böyükdür. Sübut etdik ki, düzgün işlə, düzgün planla irəli getmək olar. Məşqçidən çox şey asılıdır. Gənc futbolçunu inandırmaq lazımdır ki, o heç kimdən zəif deyil. Belə olan halda, futbolçu da ruhlanacaq, ikiqat əzmlə məşq edəcək, işində məsuliyyətli olacaq.
– Son illər ölkəmizdə uşaq futboluna daha çox önəm verilməyə başlayıb. Bunun nəticəsi artıq hiss olunmaqdadır?
– Bəli, artıq bir çox klublarımız bu işə böyük önəm verməyə başlayıb. “Rəvan” rəhbərliyi də həmçinin. Bir məqama diqqət çəkmək istərdim. Əvvəllər bizim öz bazamız yox idi, başqa stadionlarda məşq keçirdik. Lakin indi öz bazamız, məşq etmək üçün stadionumuz, qalmağa yerimiz var. Məsələn, biz bu gün istədiyimiz bir futbolçunu bölgələrimizdən tapıb bura dəvət edərək, bazamızda yerləşdirə, hər bir şəraitlə təmin edə bilirik.
– AFFA-nın təşkil etdiyi U-19 Liqasını necə qiymətləndirirsiniz?
– Çox müsbət fikirdəyəm. Yarışın səviyyəsi, təşkilatçılıq normalıdır. U-19 Liqasında xeyli sayda potensiallı gənclər var, hansı ki, onlar bir neçə il sonra milli komandanın özəyini təşkil edə bilərlər. Lakin bunun üçün həmin uşaqlarla düzgün iş aparılmalıdır. Bu gün komandamızın 3 futbolçusu milli üzvüdür. Əlibəy Məmmədli U-19, Ülvi Kələşovla Tamerlan Məcidov isə U-17 milli komandamıza dəvət alıblar. Həmçinin “Neftçi” ilə yoxlama matçımızı izləyən yığmamızın məşqçisi Elgün Nəbiyev barədə məlumat topladı. Düşünürəm ki, yığmanın növbəti təlim-məşq toplanışına çağırılacaq. Eləcə də, Urfan İsmayılovu milliyə məsləhət görərdim. Bunlar tam hazır uşaqlardır.
– Ölkə çempionatında növbəti rəqibiniz “İnter” olacaq. Ümumiyyətlə, çempionatın qalan bölümü barədə nə deyə bilərsiniz?
– Mövsümün əvvəlində rəqiblərimiz “Rəvan”a qarşı oynayırdılar. İndi isə liderə qarşı oynayacaqlar. Yəni, motivasiya fərqlidir, bizimlə matçlara daha yaxşı hazırlaşırlar. Lakin biz də işimizə baxacağıq. Növbəti oyunumuza gəlincə, ilk dövrədə “İnter”i 3:1 hesabı ilə məğlub etmişik. İnşallah, bu dəfə də sevinən tərəf “Rəvan” olar.
– Ötən mövsüm “Rəvan”ın baş məşqçi Güvənç Kurtarın köməkçilərindən biri idiniz. Cari mövsümdə isə “Rəvan”ın U-19 komandasına rəhbərlik edirsiniz. Bu işlərdən hansı daha çox ürəyincədir?
– Təbii ki, hazırkı işim. Bəli, Güvənç Kurtarla işləyərkən təcrübə əldə etdim, lakin indi fərqlidir. Burada qərarları mən verirəm. Bütün məsuliyyət mənim üzərimdədir. Bir gənc məşqçi kimi öz fəlsəfəmi formalaşdırmaq, ölkəmiz üçün lazımlı bir mütəxəssis olmaq istəyirəm.