- Baxış sayı: 267
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Formula 1 üzrə dünya çempionatında iştirak edən “Toro Rosso” komandasının rusiyalı pilotu Daniil Kvyat bakucitycircuit.com-a özəl müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, bolidlərə tətbiq olunan yeni dəyişikliklərdən sonra, digər treklərlə müqayisədə Bakı Şəhər Halqasında mübarizənin daha çətin olacağını qeyd edib.
– Yeni bolidi sözün həqiqi mənasında hiss edə bildinizmi?
– Biz xeyli məsafə qət etdik. Ancaq, yenə də bu, istədiyimizdən az idi. Mühəndislərin kifayət qədər məlumat toplamaları üçün biz trekdə daha çox zaman keçirməliyik.
– Gözünüz rəqiblərinizin üzərindədirmi? Onların hansı qərarları sizi artıq təəccübləndirə bilib?
– Əlbəttə, rəqiblərimizi, xüsusən daha az müddətə dövrəni başa vuranları izləyirik. Lakin biz diqqətimizi bu məsələyə cəmləşdirmirik. Çünki, belə desək, biz hələ sözün əsl mənasında sürətli dövrə vurmamışıq. Lakin təkrar edirəm ki, biz hər şeyi izləyirik, gözümüzü dörd açmışıq.
– Dünən yol verdiyiniz səhv yolkənarı çınqıl zolağına uçmaqla nəticələndi. Bu məhz sizin səhviniz idi, yoxsa hansısa mexaniki səhv ucbatından baş verdi?
– Hər şey sadədir – mən sadəcə təkərləri blokladım və çınqıl layının üzərinə gedib çıxdım. Əsas olan budur ki, biz praktiki olaraq vaxt itirmədik. Hər kəsin diqqəti səhvlərə yönəlib, baxmayaraq ki, bütün pilotlar dəfələrlə səhvlərə yol verirlər. Məsələn, dünən küləyin sürəti 30 km/saata qalxmışdı və buna görə də, səhv buraxmaq çox asan idi.
– Bəs bu gün avtomobilə nə baş verib? Problemlərin səbəblərini aydınlaşdırmaq mümkün olub?
– Biz telemetriya (telemexaniki üsul və vasitələrlə idarə olunan obyektlərin parametrləri barədə məlumatın əldə olunması) yolu ilə mühərrikdəki bir detalda qəribəlik aşkar etdik. Nəticədə həmin detalı sürət qutusu ilə birlikdə sökəsi olduq. Ola bilsin ki, bu detalı əvəzlədik. Təəssüf ki, bu vaxtımızı çox apardı.
– Yeni avtomobillərlə ötmə əməliyyatları daha çətin olacaq?
– Hələlik bu barədə danışmaq çətindir. Çünki çox az məlumat var. Ancaq nəzəri baxımdan həmin əməliyyatlar daha da çətinləşməlidir. Çünki əyləc məsafəsi qısalır. Lakin o da mümkündür ki, ötmənin uğurlu alınması üçün daha çox və yaxşı hazırlaşmaq lazımdır. Buna görə də, ümidvaram ki, azarkeşlər üçün ötmələr maraqlı olacaq.
– Alın Müqavimətinin Azaldılması Sistemi (AMAS) və bu sistemin Formula 1 yarışlarında istifadəsinin zəruriliyi barədə söz-söhbətlər çoxalıb. Bu barədə siz nə düşünürsünüz?
– Düşünürəm ki, nə də olsa, yeni maşınlarla əgər ötmə çətinləşsə, bu sistem bizə lazım olacaq. Əlbəttə ki, hər hansı bir problemin ideal həlli yoxdur və burada da hamı dərhal razı qalmayacaq. AMAS-ın da həm müsbət, həm də mənfi cəhətləri var.
– Gəlin şəxsi suallara keçək. Hansı dildə düşünürsünüz?
– Sükan arxasında əyləşəndə İngilis dilində. Çünki məhz bu dildə mühəndislərlə ünsiyyət qurur və məlumat alıram. Əks təqdirdə, çox çətin olardı. Ancaq gündəlik həyatda, daha çox Rus dilində…
– Fikirlərinizi cəmləşdirmək üçün yarışlardan öncə hansı müsiqilərə qulaq asırsınız?
– Mən heç də həmişə musiqi dinləmirəm və ümumiyyətlə buna böyük diqqət yetirmirəm. Bununla belə “Metallika”, “Kings of Leon” və hətta “ABBA” kimi müxtəlif musiqi qruplarının ifalarına qulaq asıram.
– İndi isə gəlin Bakı haqqında danışaq. Ötən il ən çox xoşunuza gələn nə oldu?
– Hər şeydən çox treklə bağlı təəssüratım yaddaqalan oldu. Həqiqətən də, çempionatın digər mərhələlərinin fonunda o, çox böyük dərəcədə nəzərə çarpır. Artıq həftənin cümə axşamı günü biz mühəndislərlə birlikdə həmin trekin üzərində getdiyimiz zaman heyrətə düşmüşdük: çox uzun və düz trek idi, üstəlik bütün treklər arasında ən dar hissələrə malikdir. Bu, həqiqətən də möhtəşəm idi.
– Necə düşünürsünüz, yeni avtomobillərlə Bakı Şəhər Halqasında yarışmaq daha çətin olacaqmı?
– Bəli, şəhər trekləri bizim üçün yeni bir çağırışdır. Biz yeni qabaritlərə öyrəşməli oluruq ki, bu da, heç də həmişə asan olmur.