Dünya çempionatı öncəsi görüş

Azərbaycan boks federasiyasının (ABF) rəhbərliyi Dubayda keçiriləcək dünya çempionatı öncəsi kişilərdən ibarət milli komanda ilə görüşüb.

Allsport.az xəbər verir ki, ABF prezidentinin müşaviri Samir Hüseynov mundialın mahiyyətindən danışıb və boksçularımızın hər birindən yüksək nəticə gözlənildiyini vurğulayıb.

Komandanın durumu ilə maraqlanan və tövsiyələrini verən Hüseynov bu yarışla Azərbaycan çempionatının yekununa əsasən Los-Anceles-2028 yay olimpiya oyunları üçün komandanın formalaşacağını qeyd edib.

ABF-in baş katibi Nağı Səfərov və idarə heyətinin üzvü Rövşən Hüseynov boksçuları məsuliyyətlərini dərk etməyə çağırıb, onlara uğurlar arzulayıb.

Ardınca millinin baş məşqçisi Rövşən Xocayevin hesabatı dinlənilib. O, komandanın dünya çempionatına hazır olduğunu və boksçularının əhval-ruhiyyəsinin yüksək olduğunu deyib.

Dekabrın 3-13-də keçiriləcək dünya çempionatında Azərbaycan yığması 11 boksçu ilə təmsil olunacaq.

Həmin kateqoriyadan