- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Uzun illər Bakı “Neftçi”sinin və SSRİ millisinin şərəfini qorumuş voleybol əfsanəsi İnna Rıskal şanlı ordumuzun zəfərindən danışıb. Allsport.az saytı xəbər verir ki, 76 yaşlı veteran idmançı erməni vəhşiliyini pisləyib və qələbə münasibəti ilə xalqımızı təbrik edib:
“Belə gözəl günləri bizlərə nəsib etdiyinə görə prezidentimiz İlham Əliyevə və Azərbaycan əsgərlərinə təşəkkür edirəm. Müharibədə şəhid olan igidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına başsağlığı verir, yaralı oğullarımıza isə şəfalar diləyirəm. Doğrusu, sentyabrın 27-də eşidəndə ki, Azərbaycanın işğal olunmuş torpaqlarında müharibə başlayıb, düşmənlərimiz yenidən Azərbaycan torpağına hücum edib, çox pis olmuşdum. Bu bizim üçün gözlənilməz idi. Neçə illər Azərbaycan torpaqlarını işğalda saxlayan düşmənin yenidən hücuma keçməsi, dinc əhaliyə hücum etməsi vəhşilikdir”.
Olimpiya oyunlarının 2 qızıl, 2 gümüş medalçısı (bu rekord hələ də təkralanmayıb), dünya və Avropa çempionu Azərbaycan ordusunun 2-ci Vətən müharibəsində yeni tarix yazdığını xüsusi vurğulayıb: “Bütün vəhşiliklərə baxmayaraq, Azərbaycan bu gün qalib gəldi, 30 il düşmən işğalında olan torpaqlarını azad etdi. Bilirsiniz, Qarabağ həmişə Azərbaycanın tərkibində olub. Bugünkü kimi yadımdadır, mən gənc olanda biz Qarabağda tez-tez təlim-məşq toplantıları keçər, yarışlar təşkil edərdik. Çox sevinirəm ki, Azərbaycan tarixi torpaqlarına qovuşdu. Azərbaycan bu gözəl yerlərdə yenidən gözəl tədbirlər, yarışlar keçirəcək. Buna inanıram. Çünki Azərbaycan çox güclü ölkədir. Artıq neçə ildir ki, ölkəmiz bir çox beynəlxalq yarışlara, təbirlərə ev sahibliyi edir. Təşkilatçılıq işləri, yüksək qonaqpərvərlik və ölkəmizin gündən-günə daha da inkişaf etməsi hər zaman bütün iştirakçılar, qonaqlar tərəfindən uzun müddət danışılıb”.
Apasport.az-ın məlumatına görə, uzun müddətdir Rusiyada yaşayan İnna Rıskal vətən üçün darıxdığını, Qələbə günü münasibətilə təşkil olunacaq tədbirlərdə Azərbaycana gəlmək arzusunu dilə gətirib: “Mən bakılıyam, valideynlərim də burada dünyaya gəliblər. Bakı, Azərbaycan mənim – bizim vətənimizdir. Azərbaycanı, vətənimi çox sevirəm. Ölkəmiz hər zaman çoxlu millətlərin xoşbəxt, firavan yaşadığı ölkə olub və bu gündə belədir. İnsanlar Azərbaycanda rahat, dost kimi, qardaş kimi mehriban yaşayırlar. Əlbəttə, bütün bunlara görə hər kəs ölkə başçımıza minnətdar olmalıdır. Öz adımdan cənab prezidentimizə bir daha təşəkkür edirəm, Azərbaycanın daha da güclü və gözəl ölkə olacağına inanıram. Mən də bu gün Azərbaycanda qələbə sevincini sizlərlə birgə yaşamağı çox istərdim. Amma səhhətimlə bağlı uzun zamandır heç bir yerə gedə bilmirəm. Xalqımız bilsin ki, həmişə olduğu kimi bu gün də Azərbaycanımla, xalqımla qürur duyuram. Azərbaycanda olmasam da, ürəyim həmişə ordadır”.