- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan güləş, bədii gimnastika və boksdan sonra sentyabrın 20-27-də daha bir idman növü – cüdo üzrə 32-ci dünya çempionatına da yüksək səviyyədə ev sahibliyi etdi. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda 124 ölkədən 755 idmançı mübarizə apardı.
Prezidentlərin canlı izlədiyi rəqabət
Milli Gimnastika Arenasında təşkil edilən çempionat bir çox məqamlarla zəngin oldu. Özü də bu, yalnız idman mübarizəsi ilə məhdudlaşmır. Mundialın əhəmiyyətini artıran, Azərbaycanın təbliğinə, dünyadakı nüfuzunun möhkəmlənməsinə töhfə verən bir sıra başqa amillər də var.
Cüdo üzrə 32-ci dünya çempionatı təntənəli açılış mərasimi ilə yadda qaldı. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Cüdo federasiyasının prezidenti Rövnəq Abdullayev, dövlət və hökumət rəsmiləri iştirak etdilər. İtaliyalı məşhur müğənni Al Bano maraqlı konsert proqramı ilə açılış mərasiminə xüsusi rəng qatdı.
Yarışları daha iki ölkənin dövlət başçıları – Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, cüdo və digər idman növləri üzrə beynəlxalq və milli assosiasiyaların rəhbər şəxsləri izlədilər.
Titullu cüdoçuları Bakıya gətirən səbəb
Bakıdakı dünya çempionatını ötən il Macarıstanın paytaxtı Budapeştdə təşkil edilmiş mundialdan fərqləndirən əsas məqamlardan biri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsi idi. Çempionlar 2000, vitse-çempionlar 1400, bürünc mükafatçılar hərəyə 1000 xal qazandılar. Bundan başqa, beşinci yerin sahibləri 720, yeddinci yeri tutanlar 520, səkkizdəbir finalda uduzanlar 320, mübarizəni onaltıdabir finalda dayandıranlar 240 xalla mükafatlandırıldılar. Həmçinin bir görüşdə qalib gələnlər 200, ilk oyunda məğlub olanlar 20 xal əldə etdilər.
Bu səbəbdən Yaponiya, Koreya Respublikası, Braziliya, Fransa və Rusiya kimi əsas cüdo ölkələri Bakıya aparıcı idmançılarını gətirmişdilər. Təsadüfi deyil ki, iştirakçılar arasında Olimpiya, dünya və Avropa çempionları da yer almışdılar. Məsələn, Yaponiya yığması ötən il Macarıstanda dünya çempionu olan 11 idmançısını da Bakıya gətirmişdi.
Xəzərin sahilində “yapon fırtınası”
Azərbaycan millisi çempionatda fərdi yarışları 11-ci pillədə başa vurdu. Komandamızın üzvlərindən Uşangi Kokauri (100 kq-dan yuxarı) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib oldular. Bundan başqa, Kəramət Hüseynov (60 kq) beşinci, İrina Kindzerska (78 kq-dan yuxarı) yeddinci yeri tutdular. Kişilərdən ibarət Azərbaycan yığması 6-cı, qadın komandamız isə 24-cü yerdə qərarlaşdı.
Bakıdakı dünya çempionatında 124 ölkədən cəmi 22-si medal qazana bildi. Fərdi çıxışlarda 14 qızıl medaldan yarısı Yaponiyanın pasına düşdü. Cüdonun yaradıcıları qadınların yarışında 5, kişilərin mübarizəsində 2 qızıl medala yiyələndilər. Ümumilikdə 56 medalın 16-sı (7 qızıl, 5 gümüş və 4 bürünc) “Gündoğar ölkə”nin aktivinə yazıldı. Bakıya tam heyətlə – 18 cüdoçu ilə gələn Yaponiya yığmasının üzvlərindən yalnız 2-si medalsız qaldı. Qadın cüdoçuların hamısı medal (5 qızıl, 3 gümüş, 1 bürünc) qazandılar. Kişilərdən isə 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal əldə etdilər.
Qalan qızıl medallardan ikisinə Koreya Respublikası, digərlərinə isə hərəyə bir medal olmaqla Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniya idmançılarına nəsib oldu.
Fərdi mübarizədə bütün ölkələrdən üstün olan Yaponiya yığması qarışıq komanda yarışında da qızıl medal qazandı. “Gündoğar ölkə” təmsilçisi finalda Fransaya qalib gəldi – 4:1. Rusiya və Birləşmiş Koreya komandaları bürünc medal əldə etdilər. Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Rusiya yığmasına eyni hesabla məğlub olaraq 5-ci yerdə qərarlaşdı.
Ən gənc medalçı, eyni gündə mükafat qazanan bacı-qardaş
Mundial bir sıra rekordlar və maraqlı hadisələrlə də tarixə düşdü. Məsələn, ilk yarış günündə ukraynalı Darya Beloded (48 kq) 17 yaş 11 ay 10 günlüyündə dünya çempionu oldu. Beloded böyüklər arasında bu adı qazanan ən gənc cüdoçudur. Dünya çempionu olan növbəti qadın cüdoçu Uta Abe isə 18 yaş 2 ay 7 günlüyündə bu ada sahib oldu.
Altmış altı kiloqram çəki dərəcəsində yarışan yaponiyalı Hifumi Abe ardıcıl ikinci dəfə dünya çempionu adını qazandı. Onun bacısı Uta Abe (52 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bununla da Bakıda tarixi hadisə gerçəkləşdi. İndiyədək eyni gündə və eyni şəhərdə bacı və qardaşın dünya çempionu olması faktına rast gəlinməmişdi.
Türkiyə milli komandası Bakıda keçirilən dünya çempionatında 17 illik fasilədən sonra ilk medallarını qazandı. Kişilərin yarışında Vedat Albayrak (81 kq), qadınların mübarizəsində isə Kayra Sayit (+78 kq) bürünc medallara sahib oldular.
Bakıdakı dünya çempionatında əslən azərbaycanlı Səid Mollayi İran yığmasının heyətində 81 kiloqram çəki dərəcəsində dünya çempionu adını qazandı.
İspaniya isə dünya çempionatları tarixində ilk qızıl medalını aktivinə yazdırdı. Həmin medalı əslən gürcüstanlı Nikoloz Şerazadişvili 90 kiloqram çəki dərəcəsində əldə etdi.
Bakıda ilk dəfə olaraq Koreya Birləşmiş komandası medalçılar sırasına düşməyi bacardı. Bunadək “Pxençxan-2018” Qış Olimpiya Oyunlarında bəzi idman yarışlarında vahid komanda şəklində iştirak edən Cənubi və Şimali Koreya idmançıları ilk dəfə Azərbaycanda fəxri kürsüyə yüksəldilər. Onlar qarışıq komanda yarışında bürünc medal əldə ediblər.
Odlar yurdu – cüdo diyarı
Bakıdakı dünya çempionatı Azərbaycanın təbliği baxımından gözəl fürsət oldu. Mundialı rekord sayda – 190-dan çox ölkədən izləmək mümkün idi. Yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var idi. Ümumilikdə 86 ölkə telekanalları vasitəsilə çempionatı birbaşa nümayiş etdirirdi.
Yarış ərəfəsində IJF-nin rəsmi saytında Azərbaycanla bağlı tanıtım xarakterli reportaj və məqalələr yerləşdirilmişdi. Təqdimat videoçarxında Azərbaycan böyük enerji resurslarına və zəngin mədəniyyətə malik olmaqla yanaşı, Odlar yurdu, cüdo diyarı kimi təqdim edilmişdi.
Təqdimat videosu üçün çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakıda və Sumqayıtda aparılıb. Reportajda Olimpiya çempionları Nazim Hüseynovun və Elnur Məmmədlinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və yeniyetmələr arasında Avropa çempionu Şahanə Hacıyevanın fikirlərinə yer verilib.
Videoçarxlarda Bakının tarixi keçmişi, onun XII-XV əsrlərə aid memarlıq mirası ilə müasir futuristik memarlığı arasında paralellər aparılıb, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakının yeni rəmzləri olan digər göydələnlər müasir memarlıq nümunələri kimi təqdim olunub. Bundan başqa, Bakının mötəbər beynəlxalq turnirləri yüksək səviyyədə təşkil etməkdə uğurlu təcrübəsi, ölkəmizin 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə, 2015-ci ildə ilk Avropa Oyunlarına, son üç ildə Formula 1 Qran-prilərinə ev sahibliyi etməsi, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin qruplarından birinin oyunlarının və dörddəbir final qarşılaşmalarından birinin Bakıda keçiriləcəyi vurğulanıb.
“Şöhrət zalı”na daxil edilən ilk azərbaycanlılar
IJF dünya çempionatı çərçivəsində bir sıra tədbirlər də keçirdi. Yarış ərəfəsində “Buta” sarayında qurumun “Şöhrət zalı”na daxil edilən 19 ulduz mükafatlandırılıb. Azərbaycandan 3 nəfər bu şərəfə layiq görülüb. IJF 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynovu, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlini, eləcə də 2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında birinci yeri tutmuş İlham Zəkiyevi fərqləndirib.
Bundan başqa, IJF İcraiyyə Komitəsinin iclasında dünya çempionatlarında komanda yarışları, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlıq və Yeniyetmələrin III Yay Olimpiya Oyunları, məşqçilərlə bağlı yeni qaydalar, təlim və məşq məsələləri, uzunmüddətli təqvim və digər idman məsələləri də müzakirə olundu, müvafiq qərarlar qəbul edildi.
Toplantıda 2021-ci ildə cüdo üzrə dünya çempionatının Avstriyanın paytaxtı Vyanada keçirilməsi qərara alındı. Həmçinin cüdonun illik təqviminə Kanada, İsrail və Çili Qran-prilərinin əlavə olunacağı da açıqlandı.
Marius Vizer Azərbaycanda olduğu müddətdə Azərbaycan Cüdo Federasiyasının Sumqayıt təlim-məşq bazasının açılışında iştirak edib. O, həmçinin cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasını ziyarət edib. Qurumun rəhbəri görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların istifadəsinə verilməsinə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib. O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulanıb.
Beləliklə, sentyabrın 20-27-də Bakıda yüksək səviyyədə keçirilən cüdo üzrə növbəti dünya çempionatı Azərbaycanın ən mötəbər beynəlxalq yarışları peşəkarlıqla təşkil etmək bacarığını bütün dünyaya bir daha göstərdi.