Goranboyda və Naftalanda cüdo bölmələrinə baxış keçirilib

Allsport.az xəbər verir ki, 11 aprel 2023-cü ildə Goranboy olimpiya idman ompleksinin nəzdində yaradılan cüdo bölməsinə və Naftalan şəhərində fəaliyyət göstərən cüdo təlim mərkəzinə Azərbaycan cüdo federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev tərəfindən baxış keçirilib. Goranboyda keçirilən baxış zamanı rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Goranboy-Naftalan seçki dairəsinin millət vəkili Anar Məmmədov da iştirak ediblər və yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, hazırda cüdo bölməsində 60, ümumilikdə Goranboy rayonunda isə 200-ə yaxın gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olur.

Qonaqlar 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə hazırlaşan region cüdoçularının təlim-məşq prosesini izləyiblər. ACF tərəfindən təşkil edilən təlim-məşq toplanışında Naxçıvan, Gəncə, İsmayıllı, Şamaxı, Zaqatala, Qusar, Quba, Ucar, Yevlax, Mingəçevir, Masallı və digər regionlardan 50-ə yaxın cüdoçu iştirak edir.

Daha sonra ACF-in prezidenti Rəşad Nəbiyev Naftalan şəhərinə səfər edib və orada fəaliyyət göstərən cüdo bölməsinə baxış keçirib. Görüşdə Naftalan şəhərinin icra hakimiyyətinin başçısı Vüqar Novruzov da iştirak edib.

Məlumat verilib ki, hazırda cüdo bölməsində 100-dən artıq gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olur.

Görüşlər zamanı ACF prezidenti R.Nəbiyev region idmançıları üçün mövcud olan şəraitin yaxşılaşdırılması və regionlarda cüdonun inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı müzakirələr aparıb, müvafiq tapşırıqlar verilib.

ACF-in dəstəyi ilə cüdo məşq zalları beynəlxalq cüdo federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Həmin kateqoriyadan