Kristina Yaqubova: Özümüzə inansaq, qitə çempionatında rahat qələbə qazana bilərik

Avropa çempionatının başlamasına sayılı günlər qalıb. Bütün iştirakçılar kimi, biz də hazırlığın son mərhələsindəyik”. Allsport.az saytı xəbər verir ki, bunu qadın voleybol millimizin toppaylayıcısı Kristina Yaqubova (Besman) deyib. O, final mərhələsinə ümidli proqnoz verib:

“Bosniya və Hersoqovinada məşqlərimiz davam edir. Buradan birbaşa Serbiyaya yola düşəcəyik. Avropa çempionatına hazırlığımız iyun ayından başlayıb. 2 ay ərzində təlim-məşq toplantıları və yoxlama oyunlarımız olub. Düzdür, keçirdiyimiz yoxlama matçlarında məğlub olduq. Amma bu nəticələr bizi həvəsdən salmamalıdır”. 

25 yaşlı voleybolçu, tam heyətlə məşqlər keçməsini müsbət məqam kimi qeyd edib: “Artıq komandamız burada tam heyətlə məşqlərə davam edir. Olena Xarçenko da Bosniya və Hersoqovinada bizimlə məşqlərə qatılıb. İnanıram ki, oyunlarda Olenanın komandamıza çox böyük köməyi olacaq”. 

O, qitə çempionatı ilə bağlı gözləntilərini də gizlətməyib: “Bu yarış, mənim 4-cü Avropa çempionatımdır. Hər bir idmançı kimi mən də meydançaya qalıb gəlmək üçün çıxıram. Düşünürəm ki, biz hər birimiz özümüzə inansaq və meydançada gözəl oyunumuzu oynasaq, o zaman daha rahat qələbə qazana bilərik”.

Həmin kateqoriyadan