Milli hazırlığa başlayıb

Avropa çempionatının təsnifatında və Konya-2021 İslam oyunlarında iştirak edəcək kişi voleybolçulardan ibarət millimiz mayın 15-də təlim-məşqə başlayıb. Allsport.az saytı xəbər verir ki, avqust ayında keçiriləcək yarışlara hazırlaşan komanda ilkin mərhələdə məşqlərə Bakıda start verib.

24 voleybolçunun cəlb olunduğu toplanışa baş məşqçi Pərviz Səmədov rəhbərlik edir. Ona Mixail Solovyov və Akif Vəliyev kömək edirlər. Paytaxtda toplanış “Sərhədçi” olimpiya idman mərkəzinin idman zallarında və Bakı su idmanı sarayında keçirilir.

Hazırlıq planına əsasən millimiz iyunun 20-dək Bakıda daha sonra ölkə xaricində təlim-məşqləri davam edəcək və bir neçə yoxlama oyunu keçirəcək.

Voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında “A” qrupunda Türkiyə və Danimarka ilə mübarizə aparacaq. V İslam həmrəyliyi oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.

Həmin kateqoriyadan