Millimizin baş məşqçisi və kapitanı Mərakeşlə matç öncəsi danışıb

Futzal üzrə dünya çempionatının final mərhələsində keçiriləcək Mərakeş – Azərbaycan oyunu ilə bağlı FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında millimizin baş məşqçisi Miltinyo və komandanın kapitanı Rizvan Fərzəliyev fikirini bölüşüb. Allsport.az saytı sizi həmin açıqlamalarla tanış edir:

Miltinyo: “Yaxşı hazırlıq keçmişik. İlk dəfə iştirak edəcəyimiz dünya çempionatına hazırıq. İlk oyunda qələbə qazanmaq istəyirik. Mərakeş millisinin Afrika çempionatındakı bəzi oyunlarını izləmişik. Rəqibimiz haqda xoş sözlər deyə bilərəm. Onlar taktiki planda yaxşı təşkilatlanmış komandadır. Top özlərində olan zaman sürətli oynamağa çalışırlar. Oyunçuları fərdi qabiliyyətlərinə görə də seçilirlər. Asan oyun olmayacaq. Amma azarkeşlərimiz bizdən qələbə ilə start gözləyir. Təşkilatçılıq da yüksək səviyyədədir. Bu cür gözəl arenada layiqli mübarizə aparmaq lazımdır”.

Rizvan Fərzəliyev: “Buraya gəldiyimiz gündən dünya çempionatının həyəcanını hiss edirik. İlk dəfə qatıldığımız çempionatı xoş notlarla yaddaşlara həkk etmək niyyətindəyik. Komandamız qrupumuzun açılış oyununa hazırdır. Yaxşı kollektivimiz var və hər kəs məsuliyyətini dərk edir. Təbii ki, Mərakeşlə oyunda qələbə qazanmaq üçün meydanda əlimizdən gələni maksimum dərəcədə edəcəyik. Məqsədimiz qrupdan növbəti mərhələyə yüksəlməkdir. Bu yolda başlanğıcdan çox şey asılıdır. Rəqibin oyunlarını izləmişik, məşqçilərimiz müəyyən təhlillər aparıb. Bilirik ki, bu mərhələdə zəif komanda olmur. Üstəlik, Mərakeş millisi Kolumbiyaya Afrika çempionu kimi təşrif buyurub. Taktiki-texniki cəhətdən yaxşı təsir bağışlayırlar. Fərdi oyuna üstünlük verirlər. Zəif nöqtələrini özümüz üçün təsbit etmişik. Bundan maksimum yararlanmağa çalışacağıq”.

Həmin kateqoriyadan