Millimizin digər voleybolçusu da evə buraxıldı

Millimizin voleybolçusu Marqarita Əzizmova karantindən evə buraxılıb. Allsport.az xəbər verir ki, Polşanın “Radomka” klubunda çıxış edən və Bakıya qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan voleybolçunun analizində yoluxma halı qeydə alınmayıb.

Evinə dönən 27 yaşlı hücumçu federasiyanın mətbuat xidmətinə hər şeyin qaydasında olduğunu və problemin olmadığını deyib: “Artıq Bakıda evimdəyəm. Paytaxta qayıtdıqda bilirdik ki, hava limanına çatan kimi bizdən analiz götürəcəklər və hazırkı duruma uyğun olaraq karantinə alınacağıq.

Buna baxmayaraq, Bakıya gəlməyə qərar verdik və bu gün vətənimizdə olduğum üçün çox sevinirəm. Uçuşların dayandırıldığı bir ərəfədə Azərbaycana dönməyimdə köməklik edən Polşadakı səfirliyimizə və Azərbaycan voleybol federasiyasına öz təşəkkürümü bildirirəm. Karantində olduğum günlərdə də hər an federasiyanın dəstəyini hiss etdim və həmişə mənə kömək oldular.

Karantin zamanı bizə qulluq edən həkimlərə və digər işçilərə minnətdarlığımı çatdırıram. Orda bizim üçün lazımı şərait yaratmışdılar. Bir idmançı kimi, otaq şəraitində olsa da, fərdi məşqlə məşğul olmağa çalışırdım.

Ölkəmizdə karantin davam edir. Mən də bir vətəndaş kimi bütün qaydalara riayət edirəm və xalqımı evdə qalmağa, lazımi şərtlərə əməl etməyə çağırıram. İnanıram ki, bütün bunlar tezliklə sona çatacaq və biz bu virusa birlikdə qalib gələ biləcəyik”.

Bundan əvvəl İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edən Yuliya Kərimova karantindən evə buraxılmışdı. 

Həmin kateqoriyadan