Mübarizəyə yekun vurulub

Qadın həndbolçuların Azərbaycan çempionatında son iki turun oyunları ilə mübarizəyə yekun vurulub.

Allsport.az xəbər verdi ki, çempionatın lideri “Azəryol” 19-cu turda “Azərsu”nu sınağa çəkib. Səviyyə fərqinin açıq-aşkar hiss olunduğu oyunda cəmi 7 dəfə fərqlənən “Azərsu” bunun qarşılığında 37 dəfə topu tordan çıxarmalı olub.

“Qarabağ” isə “İdman Akademiyası” ilə görüşdə favorit statusunu təsdiqləyib. İnamlı oyun nümayiş etdirən nominal ev sahibi görüşü 32:20 hesablı qələbə ilə başa vurub.
Bu komandaların 20-ci turdakı qarşılaşmasında da imkanları yüksək qiymətləndirilən “Qarabağ” qələbə çalıb – 39:19. “Azəryol” isə bu turda “Azərsu” ilə daha insaflı davranıb. Liderin tam üstünlüyü ilə keçən oyun 36:15 hesabı ilə nəticələnib.
Beləliklə, mübarizəni 46 xalla başa vuran “Azəryol” növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb. “Qarabağ” 36 xalla gümüş, “İdman Akademiyası” 26 xalla bürünc mükafata sahib çıxıb. “Azərsu” çempionatı 9, “U-16” 3 xalla bitirib.

Həmin kateqoriyadan