Odina Əliyeva: “Yaxşı çıxış etməyimdə, özümə inamlı olmağımda Ziya Rəcəbovun böyük əməyi var”

Xəbər verdiyimiz kimi, Ziya Rəcəbovun baş məşqçilik etdiyi “Cakarta” (Pertamina) qadın voleybol klubu erkən İndoneziya çempionu elan edilib. Allsport.az saytı xəbər verir ki, buna səbəb dünyanı cənginə alan “taclı bəla” üzündən idman yarışlarının da dayanmasıdır. Həmyerlimizin komandası 1 görüşdə yenilmədən müntəzəm çempionatın qalibi olmuşdu.

“Cakarta”da millimizin 2 keçmiş üzvü də çıxış edirdi. Bunlar Natalya Məmmədova və Odina Əliyevadır. ARB televiziyasının idman şöbəsinin müdiri Namiq Abbasov hələ də ölkəyə dönə bilməyən voleybolçularımızdan xəbər hazırlayıb və onların durumu ilə maraqlanıb. Adı son çəkilən diaqonal hücumçu həmkarımıza bunu deyib:

“Əslində, bu məsələnin sonunun necə bitəcəyini bilmirəm. Amma bütün ölkələr koronavirusa qarşı ciddi mübarizə aparırlar. Bütün bunların müqabilində, qaydalarda yumşalmalar da var. Karantin qorunmaq üçün yaxşı tədbirdir, amma insanlar ailələrindən uzaq düşürlər, sosial məsafəyə riayət edirlər.

Mənə gəlincə, deyərdim ki, bəxtim gətirib. İndoneziyada yoluxanların sayı çox deyil. Burda təhlükəsizlik yüksək səviyyədədir. İnsanlar bütün tapşırıqlara lazımi şəkildə əməl edirlər. Məşqlərimiz çoxdan dayanıb. Boşalmamaq üçün sübhdənr çimərliyə gedirəm, imkan daxilində qaçıram. Polis gələndə isə, oranı tərk etmək məcburiyyətində qalıram.

Bu mövsüm əla çıxış etdim, hətta deyərdim ki, karyeramda ən unudulmaz mücadilə idi. Zədələr də olmadı. Çox istərdim burda qalım. Komanda rəhbərliyi bizimlə maraqlanır. Məsələmiz Ramazandan sonra həll olunacaq. Əgər yeni təklif gələrsə, qalıb yola davam edəcəyəm. Yeri gəlmişkən, öz məşqçimizə də təşəkkürümü bildirirəm: yaxşı çıxış etməyimdə, özümə inamlı olmağımda Ziya Rəcəbovun böyük əməyi var”.

Həmin kateqoriyadan