Qadın voleybolçularımızın rəqibləri

Qadın voleybolçulardan ibarət millimizin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib. Allsport.az xəbər verir ki, avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək qitə yarışın həlledici mərhələsinə Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək.

Belqradda keçirilən püşkün nəticəsinə əsasən, komandamız “A” qrupunda yarışacaq. Voleybolçularımızın rəqibləri Serbiya, Rusiya, Belçika, Fransa, eləcə də Bosniya və Hersoqovina yığması olacaq. Seçməmizin oyunları Belqraddakı “Ştark Arena”da keçiriləcək. İştirakçılar hərəsində 6 komanda olmaqla, 4 qrupda mübarizə aparacaqlar.

“B” qrupunda Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çex Respublikası, Yunanıstan, “C” qrupunda Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə, “D” qrupunda isə Rumıniya, Türkiyə, Hollandiya, Ukrayna, Finlandiya və İsveç yığmaları yer alıb.

Qruplarda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə yüksələcəklər.

Pley-off və dörddəbir final mərhələsinin görüşləri Belqrad və Plovdiv şəhərlərində təşkil olunacaq. Mükafatlar uğrunda matçlar isə Serbiyada keçiriləcək.

Həmin kateqoriyadan