Region idmançıları üçün təlim-məşq

Allsport.az xəbər verir ki, Azərbaycan cüdo federasiyasının (ACF) təşkilatçılığı ilə Goranboy olimpiya idman kompleksində 10 apreldən etibarən 15 yaşa qədər region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilir. 50-ə yaxın yeniyetmə idmançının iştirak etdiyi təlim-məşq toplanışı 18 aprelə qədər davam edəcək.

Təlim-məşq zamanı ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılovRuslan Yunusovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilir. Təlim-məşq toplanışı 23-26 may tarixlərində keçiriləcək 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədini daşıyır.

Təlim-məşq toplanışı çərçivəsində 10-11 apreldə ACF-in müşaviri Natiq Bağırov, ACF-in hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova və respublika dərəcəli hakim Nuranə Muradova tərəfindən məşqçilər və yeniyetmə cüdoçular üçün seminar keçirilib. Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar iştirakçıların diqqətinə çatdırılıb. Hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər və qaydalar əyani şəkildə nümayiş etdirilib. İdmançıları maraqlandıran suallar hakimlər tərəfindən cavablandırılıb.

Azərbaycan cüdo federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun hər tərəfli inkişafı üçün müvafiq tədbirləri davam etdirəcək.

Həmin kateqoriyadan