Səudiyyə Ərəbistanında ilişib qalan millimizin voleybolçusu dövlətdən kömək istədi

Millimizin voleybolçusu Vüqar Bayramov açıqlama verib. O, allsport.az saytına düşdüyü çətin durumu anladıb:

“8 ildir ölkə xaricində çıxış edirəm. Son mövsümü Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadın “Əl-Nəsr” klubunda keçirmişəm. Təəssüflər olsun ki, məlum koronavirus pandemiyası üzündən cari rəqabəti tam başa vura bilmədik. Ümumən, 9 aydır burdayam, amma çempionat son 3 ayda dayandırılıb. Səudiyyə Ərəbistanında tək azərbaycanlı mən deyiləm. Səhv etmirəmsə, daha 120 soydaşımız var.

Mətbuata durumu çatdırmaq istəyirəm. Çünki aylarla burda qalmaq yersizdir. COVİD-19 təhlükəsi başlayan günlərdən Vətənə dönmək üçün səfirliyimizə müraciət etmişik. Onlar əllərindən gələni edirlər. Amma bu günə qədər heç bir dəqiq məlumat yoxdur. Səudiyyə Ərəbistanında da vəziyyət yaxşı deyil. Hər gün 3500-ə yaxın yoluxma qeydə alınır. Durum elə ciddidir ki, artıq evdən çölə çıxmağa da qorxuruq.

Hərcənd supermarketə gedib özünü qida ilə təmin etməlisən. Tibbi əlcək, maskalardan istifadə edirik. Ancaq yenə də qorxuruq. Səfirliyimizə demişik ki, biletin və koronavirus testinin ödənişinə hazırıq, təki geriyə qayıda bilək – bura təyyarə göndərilsin və bütün vətəndaşlarımız qayıtsınlar. 3 ay ərzində 120 azərbaycanlı təxliyyə oluna bilmir. Aramızda qadınlar da var, onların durumu daha ağır. Xahişim odur ki, operativ qərargahdan və xarici işlər nazirliyindən dəqiq məlumat verilsin”.

Həmin kateqoriyadan