Sabirabadda cüdo təlim mərkəzi

Fevralın 1-ində Sabirabadda cüdo təlim mərkəzinin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə rayonu icra başçısının müavini Ceyran Xəlilova, cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katib Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev Sabirabad ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şərait ilə tanış olublar.

İstifadəyə verilən cüdo təlim mərkəzi Sabirabadda cüdo idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 322 m2 təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) və bir fiziki hazırlıq zonası var. Onların sahəsi müvafiq olaraq 160 m2 və 46 m2-dir. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zonası cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib.

Təlim mərkəzində idmançılar üçün bütün zəruri şərait təmin edilib. Mərkəzdə məşqçi otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin, təlim mərkəzi müasir isitmə sistemi ilə təmin edilib. Burada ay ərzində 200 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcək.

Tədbir günü Sabirabadan olan cüdoçular üçün dünya mükafatçısı Natiq Bağırov tərəfindən ustad dərsi keçirilib.

Həmin kateqoriyadan