- Baxış sayı: 39
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Sərhədçi” olimpiya idman mərkəzində təşkil olunan “Zəfər kuboku”nun finalında, “Neftçi” voleybol klubu ötən həftə ölkə çempionluğunu qazanan “Murov”a 3:2 qalib gəldi. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunu izləyənlər arasında “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov da vardı. Finaldan sonra, kişilərin yüksək, 1-ci liqa, qadınların super liqasının qalib və medalçılarının da mükafatlandırılması oldu. Gənc baş məşqçi Pərviz Səmədovun komandasına “Zəfər kuboku”nu 2-ci Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov təqdim etdi.
Mərasimdən sonra Sadıq müəllimə yaxınlaşıb təbrik etdim və müsahibə almaq istədiyimi bildirdim. Sonuncu dəfə onu cüdo üzrə “Böyük dəbilqə”də görmüşdüm. Mən, eləcə də ölkə idmansevərləri Sadıqovu daim üzdə görməyi sevir, onun saysız-hesabsız uğurlarına alışıb. İdman mərkəzində bunun bir daha əyani şahidi oldum. Dövlət rəsmiləri, dostlar, media dayanmadan onu təqdir edir, “harada siz varsız, qələbə var” söyləyirdilər. Söhbətimiz arenanın mərmər döşəməli dəhlizində, VİP qapısı olan tərəfdə baş tutdu:
– Sadıq müəllim, təbriklər! “Neftçi İdman Klubu” növbəti kuboka sahib oldu.
– Bildiyiniz kimi, pandemiya ilə əlaqədar zallarımız boş qalmışdı, heç bir kütləvi idman tədbiri keçirilmirdi. “Neftçi İdman Klubu” həmişə bütün yarışlarda iştirak edib, böyük uğurlar qazanıb. “Neftçi” voleybol klubu 2019-cu ildə mükafatçılar sırasında yer alıb. Ümumilikdə isə, 15 ildir yüksək liqada mübarizə aparır. Dəfələrlə ölkə çempionu olub. Hazırda klubumuz yığmanın bazası rolunu oynayır. Emin Alışanov, Aqil Ağazadə, Vadim Kutukov, Tural Həsənli, Emin Abdullayev və Cavid Süleymanov millinin üzvlərdir. Azərbaycanın məşhur idman geyim brendi “İl’Azero”nun təsisçisi və yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyev də “Neftçi”də çıxış edir.
– Oyundan razı qaldınızmı?
– Təbii ki. Çox əzmkar qələbə qazandıq. Gənc və yerli azərbaycanlı voleybolçularımız tamaşaçılara bayram ovqatı yaşatdılar. “Sərhədçi” olimpiya idman mərkəzinin tribunalarında boş yer yox idi. İdmansevərlər çoxdandır belə gərgin mübarizəyə şahidlik etmirdilər. Pandemiyadan sonra ilk belə ajiotajlı voleybol oyunu gördük. Allah qoysa, bundan sonra da bu cür maraqlı görüşlər keçirilər.
– Gərginlikdən söz düşmüşkən, “Neftçi” 2:0 irəlidə idi, amma “Murov” sonradan hesabı bərabərləşdirdi. Hətta 5-ci hissənin ortasına qədər irəlidə oldu. Sonu necə düşünürsüz?
– İdman həyacansız olmur. Özünüz bilirsiniz ki, mən çox həyacanlı insanam. Amma motivasiya deyilən bir şey var. Oyundan öncə uşaqlarla görüşdüm. Komanda qələbəyə köklənmişdi. Düzü, 2:0-dan sonra inanırdım ki, voleybolçularımız sonda qələbə qazanacaqlar. Hesabın 3:0 olacağını ehtimal edirdim. Ancaq gördünüz ki, növbəti 2 setdə üstünlüyü əldən verdik. Komandamızın psixoloji durumu və peşəkarlığı yüksək səviyyədə olduğundan, həlledici hissə geridə olmağımıza rəğmən, hesabı xeyrimizə çevirə bildik.
– Maraqlıdır ki, üstün və oxşar durum ölkə çempionatında da vardı. Amma sonda “Neftçi” 3 xal geridə, gümüş medalla kifayətləndi… – “Murov” ölkənin tanınmış, hazırda yaxşı heyətə malik klubudur. Komandada bir neçə legionçu çıxış edir. Onlar Avropa səviyyəli oyunçulardır ki, bu yarışda da öz sözlərini dedilər. Biz də gələcəkdə “Neftçi”ni gücləndirməyi düşünürük.
– Sadıq müəllim, bayaq gənclərdən söz açdınız. Komandanın baş məşqçisi işə yeni başlayıb. Yola onunla davam edəcəksinizmi?
– Bu gün Azərbaycan idmanı gənclərin üzərində qurulmalıdır. Belə olmasa, inkişafdan söhbət gedə bilməz. Pərviz Səmədov öncələr millinin aparıcı voleybolçularından olub, indi gənc mütəxəssis sayılır. O hazırda yığmanın məşqçilər heyətində də yer alıb. İnanıram ki, Pərvizlə birgə çox uğurlarımız olacaq.
Yeri gəlmişkən, bu, “Neftçi İdman Klubu”nun top-komanda idman növlərində mövsümdə yeganə uğuru deyil. Bir neçə gün öncə bizim birliyin nəzdində fəaliyyət göstərən “Qaradağ Lökbatan” komandası futbol üzrə 1-ci divizionun qalibi olub. Aşağı yaş qrupu liqalarında da bir komandamız mükafatçılar sırasına düşdü.
Təkmübarizlik növlərində güləşçilərimiz, cüdoçularımız və paralimpiyaçılarımız Azərbaycanın bayrağını beynəlxalq arenalarda qaldırırlar. Bundan sonra da əlimizdən gələni edəcəyik ki, həm top-komanda, həm də təkmübarizlik növlərində öz sözümüzü deyək və yeni tarix yazaq.
Söhbətləşdi: Kamran HACI