SMEF-in dostları siyahısına EkoSfera Uşaq və Gənclər üçün Ekoloji Turizm Mərkəzi əlavə olunub

Səmti Müəyyən Etmə Federasiyasının dostları siyahısına daha bir qurum – EkoSfera Uşaq və Gənclər üçün Ekoloji Turizm Mərkəzi əlavə olunub. Allsport.az saytı xəbər verir ki, təşkilat uşaqlar və gənclər üçün müxtəlif ekoloji mövzuları əhatə edən düşərgələrin təşkil olunmasında ixtisaslaşıb.

Əməkdaşlıq çərçivəsində Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində uşaqlar üçün izahedici dərs və praktiki təlim keçirilib. Təlimlər uşaqların erkən yaşdan vətənpərvər tərbiyə olunması, idmana və ətraf mühitə qarşı sevginin aşılanması baxımından çox əhəmiyyətli olub. Çünki səmti müəyyənetmə təbiətlə idmanın sintez təşkil etdiyi idman növüdür və gənclərin sağlam, ətraf mühitə qarşı diqqətli böyümələri üçün bir vasitədir.

Səmti Müəyyən Etmə Federasiyasının təlimçiləri düşərgə üzvləri üçün ətraflı nəzəri təlim və daha sonra praktiki yarış keçiriblər. Uşaqlara şərti işarələr, xəritəni oxumaq, kompasla düzgün işləmək bacarıqları öyrədilib. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində, növbəti günlərdə isə Zeytunluq ərazisində yarışlar təşkil olunub. Düşərgənin son günündə Dənizkənarı Milli Parkda final yarışı keçirilib.

Fərqlənən uşaqların gələcəkdə milli komandanın tərkibinə cəlb olunması üçün xüsusi təlimlərin keçirilməsi və respublika səviyyəli yarışlarda iştirakının təmin edilməsi planlaşdırılır.

Həmin kateqoriyadan