- Baxış sayı: 37
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan futzal federasiyasının prezidenti Zaur Axundov, bu gün Bakı idman sarayında millinin üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, komandanın məşqi ilə maraqlanan federasiya rəhbəri, qarşıdakı turnirdə qarşıya qoyulan hədəflər barədə danışıb:
“Artıq hazırlığın son hissəsidir. Tamamlama məşqləri keçirilir. Komanda üzvləri ilə görüşdük. Məşqçilər korpusu da hər məşqdən sonra hazırlıqla bağlı bizi məlumatlandırırdı. Baş məşqçi deyib ki, xırda detallar qalıb, rəsmi oyuna qədər yekunlaşdıracaqlar. Heyətdə zədəli futzalçı yoxdur. Komandanın final mərhələsinə hazır olduğunu deyə bilərik.
İlk tapşırıq birinci oyunda qələbə qazanmaq, qrup mərhələsindən 1/4 finala yüksəlməkdir. Gürcüstanla oyunda qazanılacaq nəticə çox vacibdir. Biz heç bir rəqibi zəif hesab etmirik. Ümumiyyətlə, bu gün dünyada zəif rəqib yoxdur. Final mərhələsinə vəsiqə qazanan komanda heç vaxt zəif ola bilməz.
Söhbət qarşıya qoyulan məqsəd və ona addım-addım yaxınlaşmaqdan gedir. Həm də birinci oyunlar adətən çətin keçir. Komanda sanki həmin görüşün ikinci hissəsində futzal oynamağa başlayır. Bu baxımdan Gürcüstanla oyunun əhəmiyyəti böyükdür. Ona görə də komandanı qrupun açılış matçına yaxşı kökləməliyik.
İlk dəfə final mərhələsində 16 komanda iştirak edəcək. Buna görə də qrupumuzda 4 milli yer alacaq. Ancaq məqsədimiz dəyişmir. Biz 6-cı dəfə bu yarışda iştirak edəcəyik. Ona görə qeyd edirəm ki, birinci qarşılaşmadakı nəticə çox vacibdir”.