- Baxış sayı: 51
- 14 Aprel 2025 12:23
- Baxış sayı: 79
- Aprel 20, 2025
- 0
Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək. Allsport.az xəbər verir ki, bu tarixi hadisə 21 iyun, şənbə günü Bakı “Kristal” zalında baş tutacaq. Döyüş yarışı UFC, gənclər və idman nazirliyi və Bakı şəhər balqası əməliyyat şirkətinin əməkdaşlığı ilə həyata keçəcək. Tədbirin əsas döyüşündə keçmiş UFC yarım ağır çəki çempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill, 7-ci yerdəki Xəlil Raundtri Juniorla qarşılaşacaq.
UFC döyüş gecəsi: Hill – Raundtrk Junior tədbiri üçün biletlər 25 apreldə, saat 10:00-da (Bakı vaxtı ilə) “iTicket” platforması üzərindən satışa çıxarılacaq.
Bildiririk ki, UFC prezidenti və baş icraçı direktoru Dana Vayt ilə gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıb. İmzalanma mərasimi şənbə günü keçiriləcək UFC 314: Volkonovski – Lopes döyüşündən öncə Mayamidə baş tutub.
UFC-nin baş icraçı direktoru Dana Vayt: “Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük bir tarixə malikdir. Bizim bu regiondan çıxan çoxlu sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda qərar tutması təsadüfi deyil. 21 iyun Bakıda keçiriləcək debut tədbirini səbirsizliklə gözləyirəm.”
Gənclər və idman naziri Fərid Qayıbov: “UFC-nin Bakıda keçirilməsi idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirir və idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir.”
Bakı şəhər halqası əməliyyat şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib:
“Formula-1 ilə uzun müddətli əməkdaşlığımızla yanaşı, UFC ilə tərəfdaşlıq Bakının idman dünyasında növbəti böyük uğurudur. Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunu daha da artıracaq. Biz UFC və döyüş idmanlarının bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq və Bakını böyük beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyə davam edirik.”
Bu möhtəşəm döyüş gecəsində, həmçinin UFC azarkeşlərinin böyük maraqla gözlədiyi Kyoji Xoriquçinin (34 qələbə, 5 məğlubiyyət; ABŞ, Florida – Yaponiya, Qunma əsili) geri dönüşü baş tutacaq. O, UFC tarixində ilk Yaponiyalı çempion olmaq uğrunda mübarizə aparacaq. Onun yolunu kəsəcək isə ən yüngül çəki reytinqində 10-cu pillədə qərarlaşan Təğir Ulanbekov (16 qələbə, 2 məğlubiyyət; Rusiya, Mahaçqala) olacaq. Ulanbekov, keçmiş UFC yüngül çəki çempionu Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır və ən yüngül çəki kateqoriyasında zirvəyə yüksəlməyi hədəfləyir.
Ağır çəkidə isə qarşılaşma əsl partlayış vəd edir. Reytinqdə 5-ci pillədə yer alan amerikalı Kördis Bleyds (18 qələbə, 5 məğlubiyyət; ABŞ, Çikaqo) UFC-də debüt edəcək və “Dana White’s Contender Series”-nın parlayan ulduzu olan Rizvan Kunievlə (13 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə; Rusiya, Dağıstan) üz-üzə gələcək. Kuniev bu döyüşlə adını UFC arenasında təsdiqləməyi qarşısına məqsəd qoyur.
Əlavə olaraq, turnirin proqramında yer alan digər döyüşlər aşağıdakılardır:
● İsmayıl Naurdiyev (24 qələbə, 7 məğlubiyyət; Mərakeş, Rabat) orta çəki qarşılaşmasında Çunyonq Parkla (18 qələbə, 6 məğlubiyyət; Cənubi Koreya, Seul) üz-üzə gələcək.
● Ağır çəki döyüşündə Hamdi Abdelvahab (6 qələbə, 0 məğlubiyyət; ABŞ, Nyu-York – Misir, Qahirə) Məhəmməd Usmanla (10 qələbə, 4 məğlubiyyət; ABŞ, Texas) qarşılaşacaq.
● Bantam çəki qarşılaşmasında İrina Alekseyeva (5 qələbə, 2 məğlubiyyət; Rusiya, Çelyabinsk) Klaudiya Siqulaya (6 qələbə, 2 məğlubiyyət; Polşa, Lodz) qarşı döyüşəcək.
● Digər bantam çəki qarşılaşmasında isə Darya Jeleznyakova (9 qələbə, 2 məğlubiyyət; Fransa, Paris – Rusiya, Sankt-Peterburq) Melisa Mallinslə (7 qələbə, 1 məğlubiyyət; İngiltərə, Koventri) qarşılaşacaq.
Azərbaycanlı döyüşçülər UFC səhnəsində sürətlə irəliləyir, dünya səviyyəli güləş texnikası, zərbə qabiliyyəti və döyüş ruhu nümayiş etdirirlər. Rafael Fiziev kimi idmançılar, keçmiş yüngül çəki çempionu Rafael dos Anjos və Bobi Qren kimi rəqiblər üzərində qazandıqları möhtəşəm qələbələrlə ölkəmizi UFC-də layiqincə təmsil edirlər.
UFC-nin tədbirləri adətən bütün dünyada qısa müddətdə tamamilə satılır. Bu səbəbdən azarkeşlərə bu möhtəşəm gecədə iştirak etmək üçün öncədən ufc.com/Baku ünvanında qeydiyyatdan keçmələri tövsiyə olunur. Ən son yeniliklər və döyüşçü heyəti barədə məlumat almaq üçün @UFCEurasia sosial media hesablarını izləməyi unutmayın.
UFC, TKO Group Holdings (NYSE: TKO) tərkibinə daxildir və qərargahı Las Veqas, Nevada ştatında yerləşir. Əlavə məlumat üçün UFC.com saytına daxil ola və UFC-ni Facebook.com/UFC, eləcə də X (Twitter), Snapchat, Instagram və TikTok platformalarında @UFC istifadəçi adı ilə izləyə bilərsiniz.