- Baxış sayı: 53
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
14-22 martda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ümumdünya xüsusi olimpiya oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, yarışa bizimkilər də hazırlaşır. Bu gün Bakı idman sarayında gənclər və idman naziri Azad Rəhimov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev komanda üzvləri ilə görüşüblər. Adı ilk çəkilən dövlət rəsmisi bu tədbirdə dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib. O, yarışlarda Azərbaycanı 56 idmançının on idman növündə təmsil edəcəyini bildirib. Azad Rəhimov ötən il Bakıda keçirilən xüsusi olimpiya hərəkatı gənc liderlərin qlobal forumunun önəmindən də söhbət açaraq, dünyanın 45 ölkəsindən 220-dən çox iştirakçının qatıldığını və dövlətin daim əqli və fiziki imkanları məhdud insanlara diqqət göstərdiyini vurğulayıb.
Sahil Babayev bilidirib ki, xüsusi olimpiya idmançılarımızın Əbu-Dabidə keçiriləcək ümumdünya xüsusi olimpiya oyunlarında iştirakına dəstək verilib. Bu tədbirdə iştirak edəcək heyətin arasında nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən də nümayəndələr var. Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə müasir standartlara uyğun yaşayış və reabilitasiya, həmçinin müxtəlif idman növləri ilə məşğul olmaları üçün şərait yaradılıb.
Azərbaycan xüsusi olimpiya komitəsi bu gün 5 minə yaxın idmançını özündə birləşdirir. Komitənin prezidenti Şahin Əliyev təşkilatla fəal əməkdaşlıq etdiklərini deyib. O, dövlətin daimi dəstəyi şəraitində ölkəmizdə xüsusi olimpiya hərəkatının daim genişləndiyini vurğulayıb. Hər iki nazir idmançılarımıza bu yarışlarda uğurlar arzulayıblar. Onlar atletlərimizin təlim-məşq prosesinə baxıblar.
GİN-in mətbuat katibi Səmayə Məmmədovanın məlumatına görə, ilk dəfə xüsusi olimpiya oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi olimpiya təşkilatı tərəfindən təşkil olunan bu oyunlar əqli əlillikləri olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması üçün təşkil olunan qlobal inklüzivlik hərəkatıdır. Ölkəmizdəki xüsusi olimpiya atletlərinin də həmin oyunlarda iştirakı təşkil edilir. Ötən dövrdə idmançılarımız ABŞ-ın Kaliforniya ştatının Los-Angeles şəhərində atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24, o cümlədən 8 qızıl, 11 gümüş və 5 bürünc medalla qayıtmışlar.