Ümummilli liderin xatirəsinə Xaçmaz və Şabranda səmti müəyyən etmə üzrə beynəlxalq yarış

Xaçmaz və Şabran rayonlarında ümummilli lider Heydər Əliyevin xatirəsinə səmti müəyyən etmə üzrə beynəlxalq yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, kubok mübarizəsini giriş sözü ilə açan SMEF-in prezidenti Mirəli Kazımov bu tədbirin artıq ənənə halını aldığını, eləcə də ölkə başçısının idmana olan diqqətini xatırladıb. Sonra Ukraynanın Azərbaycanda səfiri Aleksandr Mişenko, İstanbul Səmti Müəyyənetmə İdman Klubunun nümayəndəsi Ərcümənd Usta çıxış edərək, kubok haqda təəssüratlarını bölüşüblər. Ümummilli liderin həyat və yaradıcılığı haqda yarış mərkəzində quraşdırılmış monitorda qısa video çarx nümayiş etdirildikdən sonra, 10 komanda, eləcə də Türkiyə, Ukrayna və yerli iştirakçılar olmaqla ümumilikdə 150-ə yaxın idmançının qatıldığı yarışa start verilib.

Yarışda idmançılar həm uzun məsafə üzrə, həm də orta məsafə üzrə öz qüvvələrini sınamışlar. İki günün ümumi nəticəsinə görə “K21E” kateqoriyasında Sergey Telegin (Dağçılıq İK) fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. “Neftçi İdman Klubunun” idmançısı Ramin Əliyev finiş xəttinə ikinci, Aleksandr Mişenko (Ukrayna) isə üçüncü çatmışdır. “W21E” kateqoriyasında Fidan Mursakulova qızıl medala sahib olmuşdur. Elina Çerpokova (Neftçi İK) və Anastasiya Lyalyakina (Neftçi İK) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

“Open” kateqoriyasında kişilər arasında Nurlan Atamoğlanlı (Qızıl Qaya) 1-ci, Qədir Şərifov (Nizami UYYM) 2-ci, Süleyman Süleymanov (Nizami UYYM) 3-cü olublar. Qadınlarda bu dərəcədə Fəridə Babayeva (FAİREX) ümumi nəticədə 1-ci, Ruhəngiz Quluzadə (FAİREX) 2-ci və Natavan Mansurova (Rock Stone) 3-cü yerə çıxıblar.

Əvvəlki illər ilə müqayisədə bu il təşkil olunan yarışda “M35”, “W35”, “M50”, “W50” kateqoriyalarında da idmançılar mübarizəyə qoşulublar. “M35” kateqoriyasında İstanbul idmançıları Ərcümənd Usta və Məhməd Bərqay Qılıncoğlu müvafiq olaraq qızıl və gümüş, Yuri Tuzov bürünc medallar qazanıblar. Qadınlarda “W35” kateqoriyasında isə Cəmilə Usta (İstanbul OSK) fəxri kürsünün ən yüksək zirvəsinə çızıb. Yelena Filippova 2-ci, Kəmalə Qəhrəmanova (FHN) 3-cü pilləni tutublar.

Ən yaşlı idmançıların rəqabətində kişilər (“M50”) arasında Tahir Süleymanov 1-ci, Lətif Lətifov 2-ci, Ramiz Quliyev 3-cü olub. Qadınlarda Nadejda Süleymanova bütün rəqiblərini qabaqlayıb. Finiş xəttinə Azadə Məmmədova 2-cı, Lüdmila Lətifova 3-cü çatıb.

Sonuncu “Junior” kateqoriyasında da yarış gərgin idman mübarizəsi çərçivəsində keçib. Burada Tofiq Süleymanov (Nizami UYYM) fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Nizami UYYM komandasının digər üzvləri Murad Məmmədov və Nikita Finogenov isə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.

SMEF-in baş katibi Zaur Seyidovun bildirdiyinə görə, komanda hesabında “Dağçılıq İdman Klubu” yarışın kubokuna sahib olub. “Neftçi İdman Klubu”nun 1-ci komandası 2-ci, 2-ci heyəti 3-cü yeri tutub. Gənclər və İdman Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Vergilər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin təşkilati dəstəyi keçirilən tədbirin sonunda qalib gələn idmançılar medal və diplom ilə təltif ediliblər.

Həmin kateqoriyadan