“Yenə üstünlüyü qoruya bilmədik”

Avropa çempionatında İspaniya futzalçıları ilə 2:2 edən millimizin hesabda önə keçməsində, Rafael Vilelanın rolu danılmazdır. Allsport.az saytı xəbər verir ki, onun qapı xəttinə parallel ötürməsi rəqib oyunçuya dəyərək, tora daxil oldu. Matçla bağlı hücumçu azfutzal.az-a bunu deyib:

“Gürcüstanla oyunda 2 qol vurdum və komandama kömək etməyə çalışdım. Təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik və vacib oyunda yenildik. Halbuki növbəti addım üçün bu qarşılaşmanın əhəmiyyəti danılmazdır.

İspaniyaya qarşı isə daha yaxşı oynadıq. İki dəfə hesabda önə keçdik, yenə qələbəni qoruya bilmədik. Amma turnirin favoritlərindən biri hesab edilən ispanlarla dueldə heç-heçə pis nəticə deyil. Onlara qarşı bir neçə dəfə mübarizə aparmışam. Həqiqətən də çox güclü rəqibdir. Məncə, ilk dəfə rəsmi oyunda İspaniyaya uduzmuruq.

Hələ mübarizə başa çatmayıb. Məşqlərimizi davam etdirəcəyik, Bosniya və Herseqovina ilə oyuna ciddi hazırlaşacağıq. Hər bir qələbə bizim üçün vacibdir. İşimizi görməliyik. Ümid edirik ki, son turda Gürcüstan millisi ispanları büdrədəcək”.

Həmin kateqoriyadan