- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İdman – bəşəriyyətə bəxş edilmiş ən vacib vasitələrdəndir və o, qədim dövrün insan cəmiyyəti ilə həmyaşıddır. Onun varlığı bu qoca dünyamızın mütəhərrikliyinə zəmanətdir. Cəmiyyətlərin, birliklərin yaranmasını, inkişafı və tənəzzülünü özündə əks etdirib nəsillərdən nəsillərə keçən qanunauyğunluqlarının məhsuludur. Pandemiya dönəmində bu sahəyə böyük zərbə dəysə də, tədricən toparlanıb yenidən ayağa qalxmağa başlayıb. Ölkəmizdə də həmçinin. Sevindirici hal odur ki, dağılan klub sistemi yavaş-yavaş çiçəklənməyə başayır. Top-komanda idman növlərində yaranan təzə birliklər sabaha ümidlə baxmağa əsas verir: kişi voleybolçulardan ibarət “Xarı bülbül” klubu kimi.
Yeni komandanın hədəfi 2-ci Vətən müharibəsinin rəmzinə çevrilən xarı bülbülü beynəlxalq arenada daha tanıtmaq, Azərbaycanı layiqincə təmsil etmək, bu adın idman dünyasında mümkün qədər məşhurlaşmasına nail olmaqdır. “Xarı bülbül” bu məqsədlə yeni mövsümdən böyük yola qədəm qoyur – yüksək liqada, ardınca avrokuboklarda özünü doğrultmaq. Şuşa təmsilçisinin gələcək planında qadın voleybolçulardan ibarət komanda yaratmaq da vardır.
Nəfis tərtibatda hazırlanan klubun emblemində Azərbaycan bayrağının rəngləri və xarı bülbüllə yanaşı, 2-ci Qarabağ savaşı şəhidlərinin sayı qeyd edilib. “Xarı bülbül”un prezidenti tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva olacaq. O, 2017-ci ildə elmı-tədqiqat mamalıq ginekologiya institutunun “Mamalıq” elm bölməsinin böyük elmi işçisi secilib. Tanınmış cərrah 2 dərs vəsaitinin və 60-dan çox elmi məqalənin müəllifidir. Bədən tərbiyəsinə bağlıdır. İdmançılara göstərdiyi dəstəyə görə müxtəlif federasiyalar tərəfindən Fəxri fərmanla təltif olunub. O, ölkə voleybol tarixinə ilk qadın rəhbər kimi düşəcək.
Komandanın təsisçisi Azərbaycanın ilk və yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir. Həmyerlimiz eyni zamanda, milli idman geyim brendi “İL’AZERO” sahibidir. Şirkətin məhsulları Polşada istehsal olunur və italyanca “Bir Azərbaycanlı” adlanır. Onun ən uğurlu layihələrindən biri, 2-ci Vətən müharibəsinə dəstək üçün özəl buraxılan və üzərində Qarabağ adı və adı çəkilən bölgəyə məxsus kəhər atlarının təsvirlərin yer aldığı geyimlər olub. Yerli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, Odlar yurdunu layiqincə təmsil edən idmançılara, ictimai xadimlərə, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarına öncədən bəyan edildiyi kimi, geyimlər tam pulsuz çatdırılıb.
“İL’AZERO” ölkəmizdə güləş, kikboks, karate, cüdo, atıcılıq və voleybol federasiyaları ilə əməkdaşlıq edib. Futbolda dünyaca məşhur “Qarabağ” klubunun tərəfdaşıdır. Ağdam təmsilçisi hazırda çempionlar liqasının pley-ofunda oynayır, Avropa liqasının qrup mərhələsində yerini öncədən təmin edib.
Şirkət yurd dışı da tanınır. Rusiyanın “Yelisey”, İndoneziyanın “Cakarta” qadın voleybol klublarını geyindirib.
İlqar İmamquliyev allsport.az saytına açıqlamasında deyib ki, “Xarı bülbül” elə bu şirkətin məhsullarından yararlanacaq. Özü də komandada libero mövqeyində çıxış edəcək. Artıq transfer çalışmalarına start verib. Kluba oktyabr ayının sonuna qədər Ziya Rəcəbov rəhbərlik edəcək. Sonra onun yerini əcnəbi mütəxəssis tutacaq. Özü isə, müqavilə ilə işini İndoneziyada davam etdirəcək. “Xarı bülbül”ün hədəfi debütdə çempion olmaqdır.