Yüksək liqaların əsasnaməsinə əlavə və dəyişikliklər edildi

Voleybol üzrə 2022/2023-cü il mövsümündə ölkəmizdə keçirilən yüksək liqalarında çıxış edən komandaların nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Allsport.az xəbər verir ki, voleybol mərkəzində təşkil olunan görüşdə qurumun vitse-prezidenti Əbülfəz Hüseynov və baş katib Fərid Xəlilov əvvəlcə iştirakçılara yeni ildə uğurlar arzu ediblər.

Hüseynov bildirib ki, bu il ölkəmizdə “Heydər Əliyev İli” qeyd olunur. Bu münasibətlə federasiya da ilin tədbirlər planına bəzi əlavə və dəyişikliklər edib: “Bildiyiniz kimi, biz mövsümün əvvəlində Yüksək Liqa yarışlarının qalibinin altı dövrədən sonra məlum olacağını bildirmişdik. Mart, aprel və may aylarında müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan turnir və yarışlar keçirəcəyik. Bütün bunları nəzərə alaraq, Yüksək Liqa yarışlarının əsasnaməsinə bəzi əlavələr edilib. Belə ki, həm kişi, həm də qadın voleybolçular arasında keçirilən Yüksək Liqa yarışlarında komandalar dörd dövrədən ibarət olmaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq. Dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçün yeri tutan klubla üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Baş katib Xəlilov qeyd edib ki, əsasnaməyə edilən dəyişikliklər ölkə çempionatının gərginliyini və marağını daha da artıracaq. Qarşıda klublarımızı maraqlı, gərgin yarış və turnirlər gözləyir. Həmin yarışlarda iştirak edəcək komandaların sayı yüksək liqa ilə müqayisədə çox olacaq. Xəlilov vurğulayıb ki, bu yarışlarda Birinci Liqa komandalarının da iştirakı planlaşdırılır.

Sonda görüşdə iştirak edən klubların razılığı əsasında yüksək liqanın əsasnaməsinə əlavə və dəyişikliklər edilib. Belə ki, yüksək liqada komandalar nəzərdə tutulduğu kimi altı dövrə yox, dörd dövrədən ibarət olamaqla mübarizə aparacaq və qalib pley-off mərhələsində müəyyən olunacaq.

Həmin kateqoriyadan