3 boksçu yarımfinalda

Dubayda boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının 3 idmançısı mərhələni qələbə ilə başa vurub.

Sübhan Mamedov (48 kq) Şodiyorjon Məlikszyevdən (Özbəkistan) güclü olub. Avropa çempionumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Sahil Allahverdovi (Gürcüstan) ilə döyüşəcək.

Alfonso Dominqes (92 kq) də 1/4 finaldan qalib ayrılıb. Dünya çempionumuz Andrey Zaplitnini (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Dominqes növbəti görüşündə Turabəy Həbibullayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Məhəmməd Abdullayev (+92 kq) isə Dövlət İslamov (Türkmənistan) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı yarımfinalda David Surovu (Rusiya) sınağa çəkəcək.

Hər 3 boksçu yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı da təmin edib.

Dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

Həmin kateqoriyadan