- Baxış sayı: 74
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

Azərbaycan cüdo federasiyasının (ACF) Şəkidə şimal-qərb regionundan olan cüdo məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramı uğurla yekunlaşıb.
Allsport.az xəbər verir ki, proqram çərçivəsində ACF-nin baş katibinin müavini, idman direktoru Kamran Talıbov yeni yaradılmış cüdo liqaları ilə bağlı seminarda çıxış edib. O, liqaların məqsədi, keçirilmə formatı barədə ətraflı məlumat verib və bu yarışların milli komandaların tərkibinin formalaşdırılmasında əsas meyarlardan biri olacağını vurğulayıb.
Milli komandaların fiziki hazırlıq üzrə məşqçisi Fariz Əsgərov “Yeniyetmə cüdoçular üçün fiziki hazırlıq əsasları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda müxtəlif yaş qruplarında yüklənmələrin intensivliyi və məhdudiyyətləri, bu prosesin kreativ yollarından bəhs olunub.
ACF-in rəqəmsal marketinq üzrə aparıcı mütəxəssisi Elvin Əhmədin təqdimatında baş tutan “Sosial media və marketinq” təlimində məşqçi və klubların sosial şəbəkələrdə özlərini necə təqdim etməli olduqları müzakirə edilib. Müsbət və mənfi nümunələrin təhlili aparılıb, həmçinin sosial medianın düzgün istifadəsi ilə yeni idmançıların cəlb olunması, etibarın yaradılması, valideynlərlə effektiv ünsiyyətin qurulması və klubun brend kimi inkişafı yolları izah edilib.
Son praktiki sessiyalar isə “ai-yotsu”, “kenka-yotsu” vəziyyətləri (8 yönlü fənd tətbiqi) və “shime-waza” (boğma fəndləri) mövzularına həsr olunub. Məşğələlər ACF-in təhsil üzrə ekspertləri Samir İsmayılov, Asiman Allahverdiyev, Natiq Qurbanlı, Malik Allahverdiyev və Elçin Mayılov tərəfindən keçirilib.
Yekunda iştirakçılar imtahan verib. Sınaqları uğurla başa vuran 31 məşqçiyə ACF tərəfindən sertifikat təqdim olunub.