39 ölkə arasında birinci oldular

Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən Avropa kuboku yekunlaşıb.

Allsport.az xəbər verir ki, ikinci yarış günü Azərbaycan yığma komandası üçün uğurlu alınıb. Cüdoçular 3 qızıl, 2 gümüş və 1 bürünc medala seviniblər.

Kişilərin mübarizəsində 90 kq-da çıxış edən Murad Fətiyev finalda Tokio olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə (Almaniya) qalib gələrək çempion olub. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medalı boynundan asıb. Kərim Allahverdiyev isə 81 kq çəkidə gümüş medalın sahibi olub.

Qadınlar arasında 52 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva isə ikinci pilləsinə qalxıb. 57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün hamısında rəqiblərindən üstün olaraq millinin hesabına daha bir qızıl medal əlavə edib.

İlk yarış günündə Kamran Süleymanov (73 kq) və Nərmin Əmirli (78 kq) üçüncülüklə yadda qalmışdı.

Yekunda Azərbaycan yığma komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa lubokunda 39 ölkədə arasında birinci olub.

Həmin kateqoriyadan

azenrutr