“Azərbaycan Bakı-2015-i Olimpiya Oyunları səviyyəsində keçirməyə hazırlaşır”

Nüfuzlu “Rossiyskaya qazeta”nın 2015-ci il 15 aprel tarixli nömrəsində jurnalist İlya Sobolevin “Bakı start verir. Azərbaycan paytaxtı birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirməyə hazırlaşır” sərlövhəli məqaləsi dərc olunub. Allsport.az məqaləni təqdim edir.

Olimpiya Oyunlarına hazırlaşmaq üçün standart müddət yeddi ildir. Lakin deyəsən Bakı təsəvvür edilə bilən və edilməyən bütün rekordları təzələməyə hazırdır. Azərbaycan birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirmək üçün lazım olan bütün işləri cəmi iki il ərzində görməyə nail olub. Oyunlara start verilməsinə az qalmış Təşkilat Komitəsi rusiyalı jurnalistləri qonaq dəvət edib.

Ağ daşla üzlənmiş “xruşşovkalar”

Bakının adlarından biri “Küləklər şəhəri”dir. İndi bu şəhərdə dəyişikliklər küləyi daha aşkar hiss olunur. Çoxdan Bakıda olmayanlar buraya gələndə şəhəri sadəcə olaraq tanıya bilmirlər. Mən özüm axırıncı dəfə il yarım bundan əvvəl orada olmuşam. Bu müddətdə çox şey dəyişib. Əslində il yarım nədir, yerli sakinlər bildirirlər ki, bəzi rayonlarda iki-üç ay ərzində ciddi dəyişikliklər olur. Bu, mübaliğə olsa da, Bakıda aparılan abadlıq-quruculuq işlərinin sürətini tam həcmdə əks etdirir.

Köhnəlmiş tikililər yenidən qurulur, yeni, müasir binalar ucaldılır. Xəzər dənizinin sahilində inşa edilmiş çoxmərtəbəli şüşə binalar Nyu-York mənzərələrini xatırladır. Burada artıq bir-biri ilə sıx bağlı olan yol qovşaqları istifadəyə verilib. Bu baxımdan Bakı Soçiyə oxşayır: Olimpiya Oyunları ərəfəsində bu şəhərin infrastrukturu praktiki olaraq tamamilə yenilənmiş, sanki ona ikinci nəfəs verilmişdi.

Ağlay deyilən üzlük daşı indi Bakı üçün nou-haudur. Bu daş yalnız Azərbaycan karxanalarında istehsal edilir. Ağlay möhkəmliyinə görə əbədilik və etibarlılıq rəmzi sayılır. Bakıda Ağlay əsl möcüzələr yaradır. Köhnə “xruşşovkalar” qısa müddətdə bir-birinin ardınca ağ daşdan libas geyinərək gözəl imarətlərə çevrilir. Bizim avtobus Bakının əsas avtomobil arteriyası sayılan Heydər Əliyev prospektində şütüyərkən televiziyada işləyən həmkarlarım pıçıldaşırdı: “Fikir vermisənmi, buradakı balkonlar necə gözəldir və heç biri digərini təkrarlamır. Oyunlara gələndə hökmən bu haqda ayrıca süjet çəkərik”.

İki il ərzində tikilmiş stadion

Aydındır ki, idman tədbirinə hazırlıq dövründə əsas məsələ yarışların keçiriləcəyi obyektlərin tikintisidir. Bu baxımdan azərbaycanlılar inanılmaz uğurlar qazanıblar. “Bakı-2015” Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleqin sözlərinə görə 30 ay ərzində 18 idman kompleksi hazırlanıb, onlardan beşi sıfırdan başlanaraq ucaldılıb. Bakıda olduğumuz üç gün ərzində bu komplekslərin hamısına baxmaq, əlbəttə, mümkün deyildi, lakin görə bildiklərimiz bizdə güclü təəssürat yaratdı.

65 min tamaşaçı tutumu olan Olimpiya Stadionunu əsas qürur obyekti saymaq olar. Piyaləyə oxşayan qar kimi ağappaq yeni arena aeroportdan şəhərin mərkəzinə gedən yolda uzaqdan görünür. Gənclər və İdman naziri Azad Rəhimov bu arenanın ucaldılması sürətindən danışarkən zarafatla dedi ki, Ginnesin rekordlar kitabına düşmək üçün müraciət etmək olar.

İlk Avropa Oyunları ərəfəsində son aylarda stadionun tikintisində çalışan işçilər 24 saatlıq qrafikə keçiblər. Arenada tamamlama işləri ilə paralel olaraq orada möhtəşəm açılış mərasimi üçün dekorasiyalar hazırlanır. Bu prosesi video və fotoaparatlarla çəkmək qəti qadağan edilib. Stadionun baş meneceri Ron Kemeron bunu belə izah edir: “Mərasimin müəllifləri bu məsələni təyin edilmiş müddətə qədər sirr kimi saxlamaq istəyirlər”.

Birinci Avropa Oyunları çərçivəsində Olimpiya Stadionunda yüngül atletika yarışları keçiriləcək. Bundan sonra arenanın əsas istifadəçisi futbol üzrə Azərbaycan yığması olacaq. Komanda özünün ev oyunlarını burada keçirəcək. Bu stadionda əsl futbol piki isə 2020-ci ildə yaşanacaq. Həmin il bu stadion Avropa çempionatının matçlarını qəbul edəcək.

Hələlik isə milli komandanın futbolçuları ölkənin ən qocaman arenasında – Tofiq Bəhramov adına Respublika Stadionunda məşq edirlər. 1951-ci ildə açılmış Respublika Stadionu daş qüllələri ilə müəyyən qədər cəlbedici olsa da, hər halda köhnəlib. Yeri gəlmişkən, bu “qoca” arena da Avropa Oyunlarından kənarda qalmayacaq. Özü də “Tofiq Bəhramov adına Stadion” bəlkə də ən qeyri-adi şəkildə istifadə ediləcək, burada kamandan ox atanların yarışları keçiriləcək.

İdman konsert verəcək

Həmkarlarımın nə deyəcəyini bilmirəm, amma Bakının kənarında tikilmiş Atıcılıq Mərkəzi şəxsən mənə çox güclü təsir bağışladı. Bu idman kompleksi üçün ayrılmış ərazinin sahəsi 20 hektara yaxındır. Yeni mərkəzdə atıcılıq idmanının bütün növləri üzrə, o cümlədən 300 metr məsafəyə tüfəngdən atəş üzrə yarışlar keçirmək mümkün olacaq. Bu isə çox nadir hadisədir.

Kompleksin baş meneceri avstraliyalı Uorren Naytanın bütün bu möhtəşəm tədbirləri necə idarə etməsi təəccüb doğurur. Uorren təbəssümlə deyir: “Mən üç Olimpiadada olmuşam, amma ömrümdə belə şey görməmişəm. Bu Atıcılıq Mərkəzinin dünyada ən böyük mərkəz olmasını istisna etmirəm”.

Ən qeyri-adi tikililərdən biri də Heydər Əliyev adına Idman-Konsert Kompleksidir. Kənardan baxanda bu kompleks nəhəng tacı xatırladır. Hərçənd, tikintisi hələ 1977-ci ildə başlanmış bu kompleksin ilkin görkəmi tamam fərqli olub. 1990-cı ildən bu arenada əsaslı təmir işləri aparılmayıb. Layihəçilər xeyli götür-qoy edəndən sonra faktiki olaraq Moskvada bizim seçdiyimiz yol ilə gediblər – “Lujniki” və “Dinamo” stadionları da buna oxşar şəkildə yenidən qurulur. Kompleksin yalnız bünövrəsi qalıb, onun zahiri görkəmi və içərisi əsaslı şəkildə dəyişib. İndi bu supermüasir arenada Oyunlar çərçivəsində cüdo və sambo yarışları keçiriləcək. İdman məşğələlərindən asudə vaxtda isə arena incəsənət ustalarının ixtiyarına veriləcək.

Qonaqpərvərliyi öyrətməyə ehtiyac yoxdur

Ümumiyyətlə, indi Bakıda konsert meydançaları sarıdan qıtlıq yoxdur. Belə meydançaların ən böyüyü isə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi “Kristall Holl”dur. Avropa Oyunları dövründə bu çoxfunksiyalı kompleksin təyinatı dəyişəcək. 17 min tamaşaçı tutan “Kristal Holl”un geniş məkanı indi nəhəng bir divar vasitəsilə iki hissəyə bölünüb. Bu divar “Kristal Holl”da mümkün qədər çox idman növləri üzrə yarışlar keçirmək üçün lazımdır. Bina üç hissəyə bölünəcək və beş idman növü üzrə iştirakçıları qəbul edəcək. Bu səbəbdən, başqa obyektlərdən fərqli olaraq “Kristal Holl” bütün Avropa Oyunları müddətində açıq qalacaq.

Avropa Oyunlarının bütün yarışları Bakıda keçirilməyəcək. Avarçəkənlərin yarışlarına tamaşa etmək istəyən azarkeşlər paytaxtdan 250 kilometr məsafədə yerləşən Mingəçevir şəhərinə getməli olacaqlar. Lakin ən azı həmin yarışların keçiriləcəyi Kür çayını görmək xatirinə bu qədər yol qət etməyə dəyər. Şairlər bu çayı “Dəli Kür” adlandırırlar, Lermontov isə onu “Araqva ilə qucaqlaşaraq” axan çay kimi təsvir edir. Lakin bu sözlər Kür çayının Gürcüstan dağlarındakı məcrasına aiddir. Mingəçevirdə isə çay dumduru, zümrüd rəngindədir. Belə suda yarışmaq həqiqətən estetik ləzzətdir!

Hər hansı iri idman tədbirini uğurla keçirmək üçün təkcə infrastruktur obyektlərinin inşa edilməsi kifayət deyil. Avropa Oyunları kimi genişmiqyaslı hadisə isə bakılılar üçün, hətta “Eurovision-2012” mahnı müsabiqəsi ilə müqayisədə hələ görünməmiş məsələdir. Azərbaycan xalqı gənc xalqdır – əhalinin 60 faizdən çoxunun yaşı 30-dan aşağıdır. Buna baxmayaraq, burada çoxəsrlik ənənələri qayğı ilə qoruyurlar. Hətta bahalı moda butiklərinin yerləşdiyi küçələrlə gəzərkən qəflətən bir tinə dönsən əsl patriarxal ab-hava duyulan həyətə düşmək olar. Axşamlar yerli “aborigenlər” həyətdə toplaşaraq rahatca çay içirlər. Mövcud adətlərə nəzakətlə riayət etmək və eyni zamanda, yeniliklər üçün maksimum açıq olmaq – Təşkilat Komitəsinin başlıca vəzifəsi yəqin ki, bundan ibarətdir və deyəsən, Komitə buna nail ola bilir. Artıq bilet satışı proqramı elan edilib. Özü də bu, çox demokratik proqramdır: ən bahalı biletlərin qiyməti 5 manatdan çox olmayacaq (bir manat 51 rubla ekvivalentdir – “Rossiyskaya qazeta”nın qeydi), uşaqlar və yaşı 16-ya qədər olan yeniyetmələr isə tribunalara pulsuz keçə biləcəklər. Bir adət var ki, onu azərbaycanlılara öyrətməyə ehtiyac yoxdur. Söhbət qonaqpərvərlikdən gedir. Bakıya gələcək idmançılar və azarkeşlər bunu tezliklə özləri yəqin edəcəklər.

Həmin kateqoriyadan