“Sumqayıt”ın uğurları kimləri narahat edir? Bu kluba da qarayaxma və hücumlar davam edir

Xəyal öz gələcəyini quranları ya uçuruma sürükləyir, ya da zirvəyə qaldırır. Yüksək zirvəni fəth etmək üçün sadəcə bu yolda inamla və istəklə addımlamaq kifayətdir. Bu mövsüm şahid olduğumuz ən böyük həqiqət ölkə futbolunda “Sumqayıt”ın yüksək sürətlə inkişaf etməsidir. Bu yolda xəyal və güclərini idman sevgisində birləşdirən insanların sayəsində əldə edilən uğurları inkar etmək olmaz. Ötən ilin dekabrında Elnur Məmmədlinin klubun müşahidə şurasına sədr seçilməsindən sonra “kimyaçılar”da yeni dönəm başlayıb. “Azərkimya” istehsalat birliyinin sədri idman ictimaiyyətinə yaxşı tanışdır. Onun ali təhsilləri sırasında Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası da var. Elnur müəllim beynəlxalq dərəcəli boks hakimi olaraq dünyada tanınır.

“Sumqayıt”ın prezidenti Raid Rəfiyev uzun illər bu ailədədir. Onunla klub 2020/21-ci illər mövsümündə ən yüksək uğura yetişib – ölkə çempionatında bürünc medallar qazanaraq avrokubokda çıxış edib; 2 dəfə Azərbaycan kubokunda final həyacanını yaşayıb (2019, 2021). Baş məşqçi Samir Abbasov “gənclər şəhərinə” yaxşı tanışdır. 2015-2018-ci illərdə “Sumqayıt”da çalışıb. Bu dəfə dönüşü də inamlı alınıb: 32 turdan sonra klub hazırda 50 xalla 2-ci yerdədir, mükafatlara və avrokuboka iddialıdır. Ən üstün cəhəti, həlledici məqamlarda komandanı toparlaya bilməsidir. O bu rəqabətdə bütün prinsipal matçları qazanıb.

Son zamanlar, hər kəsin həyəcanla izlədiyi premyer liqada “kimyagərlər”in sabit və uğurlu çıxışı bəzi qüvvələrin narahatçılığına səbəb olub. Bu üzdən ona qarşı qarayaxmaya başlayıblar. Məqsəd, futbol ictimaiyyətində gərginlik yaratmaq və komandaya psixoloji təzyiq etməkdir. Rəqiblər ümid edirlər ki, bununla məkrli istəklərinə çatacaqlar. Klubun avrokubok zonasında olması, bəzi dairələrin planını pozub. “Səbail”dən sonra, indi hədəfdə “Sumqayıt”dır. “Dənizçilər”də arzularına çatdılar, “göy-ağlar” isə sonacan dirəniş göstərir. Özlərinə yaxın mirzələrin köməyi ilə sosial şəbəkələrdə hər gün basqı edirlər. Guya hakimlər tez-tez kömək edirlər. Əgər belədirsə, onda niyə “Sumqayıt” hər il çempion olmur? Komandanı AFFA ilə, Riyad Rəfiyevi Elxan Məmmmədovla bağlayırlar. Halbuki ləqəbindən göründüyü kimi, himayədarı “Azərkimya”dır. Keçmiş baş katib isə 2022-ci ilin mayıdan Azərbaycan futbolundan uzaqlaşıb,  FİFA-nın Avropa milli assosiasiyaları üzrə direktoru vəzifəsini daşıyır.

Uğur qazanmaq üçün dəqiqlik, etibarlılıq, özünəgüvənliliyin və xeyirxahlığın olması ən başlıca vasitədir. Bütün bu keyfiyyətləri özündə cəmləşdirməyə çalışan “Sumqayıt”ın yeni rəhbərliyi artıq şəhər sakinlərinin rəğbətini qazanıb. Yeni istifadəyə verilən Mehdi Heseynzadə adına stadionda oyunları tamaşa etmək üçün bilet alanların sayı günü-gündən artır. Azarkeşlər doğma klubuna çox inanırlar.
Zaman amansızdır və onun hər anının öz hökmü var. Onu yaşatmağa cəhd göstərən tarixsə bütün elmlərin ən subyektividir. Çünki zamandan savayı, hər bir hadisə həm də onu tarixə həkk edənin “rəngkarlıq”ının, onun dünyagörünüşünün, maraqlarının, baxışının süzgəcindən keçir. İnanırıq ki, “Sumqayıt” da çətinliklərə sinə gəlib, layiq olduğu və haqq etdiyi uğura yetişəcək.

Kamran HACI

Həmin kateqoriyadan