“Azərbaycan hökumətini idmanın inkişafı üçün gördüyü işlərə görə təbrik edirəm”

Allsport.az xəbər verir ki, Bakıda səfərdə olan Serbiyanın idman naziri Zoran Qayiç və Avropa badminton konfederasiyasının yeni seçilmiş prezidenti Sven Serre bu gün Milli gimnastika arenasında bədii gimnastika üzrə dünya kuboku yarışlarını izləyiblər. Qonaqlar media nümayəndələri ilə görüşərək onların suallarını da cavablandırıblar.

Bakı atıcılıq mərkəzi, Su idmanı sarayı, çimərlik idman növləri üzrə arena, həmçinin Milli gimnastika arenası ilə tanış olan serbiyalı nazir bildirib ki, bu arenalarda mükəmməl infrastruktur var, onlar funksionallığı ilə seçilir: “Azərbaycan hökumətini idmanın inkişafı istiqamətində gördüyü işlərə görə təbrik edirəm”.

Hazırda Serbiyanın idman naziri olan, olimpiya çempionu Zoran Qayiç vaxtilə voleybol məşqçisi olaraq ölkəmizdə çalışıb. 2022-ci ildə Serbiyanın idman naziri təyin edilmiş Zoran Qayiç 2011-2012 və 2015-2017-ci illərdə “Rabitə” (“Telekom”) voleybol komandasının baş məşqçisi olub.

Avropa badminton konfederasiyasının yeni prezidenti Sven Serre isə mətbuata açıqlamasında Bakının idman infrastrukturunun Avropada ən yaxşılardan olduğunu bildirib və Azərbaycanın badminton üzrə Avropa çempionatı keçirmək üçün böyük potensialı olduğunu qeyd edib.

Həmin kateqoriyadan