- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı Gimnastika Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş 6 və yuxarı yaş kateqoriyasında batutda tullanma üzrə ilk yarışlar keçirilib. Allsport.az xəbər verir ki, yarışlarda Bakı Gimnastika Məktəbinin idmançıları iştirak ediblər. Hakimlər briqadasına Bakı Gimnastika Məktəbinin direktoru Adil Hüseynzadə, batutda tullanma üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Şulikin və millinin üzvləri daxil olublar.
A.Hüseynzadənin sözlərinə görə, Bakı Gimnastika Məktəbində təşkil edilmiş yarışlar 6 və yuxarı yaş kateqoriyasında idmançılar arasında keçirilən ilk yarışlardır. Yarışlarda iştirak üçün idmançıların seçimi bu ilin yanvarında keçirilmişdi.
O, qeyd edib: “Birmənalı olaraq deyə bilərəm ki, uşaqlar özlərini çox yaxşı göstərdilər. Azərbaycanda akrobatika və akrobatik zolaqda tullanma həmişə populyar olub. Onlar batutda tullanma kimi çox oxşar idman növləridir. Fikrimcə, batutda tullanma da populyarlıq qazanacaq və gələcəkdə bu idman növü ilə məşğul olanların sayı artacaq. Biz baş məşqçi Vladimir Şulikinin rəhbərliyi altında Belarus proqramı üzrə məşq edirik. Belarus məktəbi dünyada ən güclülərdən biridir. Güman edirəm ki, bir ildən sonra hazırkı yarışların iştirakçılarından hər hansı biri beynəlxalq yarışlarda iştirak etmək hüququ qazanacaq. Birmənalı olaraq deyə bilərəm ki, bu idman növünün böyük gələcəyi var”.
A.Hüseynzadə əlavə edib ki, idmançıları qrupa xarici göstəricilər, fiziki hazırlıq səviyyəsi, çeviklik və digər amillər əsasında seçirlər.
V.Şulikin isə bildirib ki, batutda tullanma Olimpiya idman növüdür: “Bu gün keçirilmiş yarışlar ölkədə uşaqlar arasında ilk yarışlardır. Şübhəsiz ki, uşaqlar həyəcanlandılar, ancaq onlar özlərini layiqincə göstərdilər. Artıq deyə bilərəm ki, onların arasında diqqət edilməli və üzərində işləməli gimnastlar var. Azərbaycan Gimnastika Federasiyasının bu idmanın inkişafı üzrə səmərəli və effektiv işini qeyd etmək istərdim. Beş ildən sonra Azərbaycanda ölkəni beynəlxalq səviyyədə layiqincə təmsil edəcək idmançılar olacaq”.