Bakıda bədii gimnastika üzrə dünya kubokunun növbəti mərhələsi keçiriləcək

Aprelin 28-30-da paytaxtda növbəti dünya kuboku mərhələsi keçiriləcək. Allsport.az saytı Milli Gimnastika Arenasında keçiriləcək yarışa 19 ölkədən 92 gimnastın iştirakı gözlənilir. Bədii gimnastlardan 34-ü fərdi proqramda, 58-i isə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə Marina Durunda, Jalə Piriyeva, qrup hərəkətləri komandasında Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günündə keçiriləcək təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin sonuncu günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox məşhur əcnəbi idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Yarışlarda ikiqat dünya və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) iştirak edəcəklər. Həmçinin mübarizəyə qrup hərəkətləri komandaları – Olimpiya Oyunlarının qızıl medalçısı Rusiya, Olimpiya Oyunlarının gümüş medalçısı İspaniya, Olimpiya Oyunlarının bürünc medalçısı – Bolqarıstan və dünya çempionatının bürünc mükafatçısı – Belarus qoşulacaqlar.

Həmin kateqoriyadan