Brüsseldə “Qəbələ”yə yüksək səviyyədə dəstək

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim “Qəbələ”nin düşərgəsini ziyarət edib.

Allsport.az saytı xəbər verir ki, bu komandanın yerli “Anderlext”lə oyun öncəsi son məşqindən əvvəl, Brüsseldə – “Konstant Vanden Stok” arenasında baş tutan görüşdə Fuad İsgəndərov və Xəzər İbrahim klub rəsmiləri və futbolçularla görüşüb. “Anderlext” – “Qəbələ” oyununda “qırmızı-qaralar”a uğurlar arzulayan Fuad İsgəndərov nəticədən asılı olmayaraq hər zaman “Qəbələ”nin yanında olacaqlarını bildirib:

“Komandanın son dövrlərdə göstərdiyi uğurlu çıxışın bu oyunla da davam edəcəyinə inanırıq. “Anderlext” – “Qəbələ” matçında sıravi azarkeş kimi sizi sona qədər tək qoymayacaq, öz dəstəyimizi göstərəcəyik. Daha öncə də Azərbaycan klubları “Anderlext”lə qarşılaşıblar. Bu dəfə hər şeyin bizim xeyrimizə nəticələnməsini arzulayırıq. Nəticədən asılı olmayaraq, hər zaman yanınızdayıq”.

Görüşün sonunda Fuad İsgəndərov “Qəbələ” İdman Klubuna hədiyyəsini təqdim edib və xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan