“Çatışmazlıqlara baxmayaraq, əks-hücumlarda qollarla qələbə qazanmağı bacardıq”

Latviya ilə yoldaşlıq oyunu keçirən futzal millimiz 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Joze Alesio Da Silva görüşlə bağlı bunu deyib: “İki fərqli hissə keçirdik. Fasiləyə qədər daha yaxşı oynadıq. Həm fiziki, həm də düşüncə baxımından rəqibi üstələdik. Meydanda müxtəlif tapşırıqları icra etməklə oyuna nəzarəti özümüzdə saxladıq. Düzdü, hesabı Latviya millisi açdı. Həmin epizodda müdafiədə sadə səhvə yol verdik və onlar qol vurdu. Ancaq rəqibin xeyrinə hansısa təhlükəli hücumdan, düşünülmüş kombinasiyadan danışmaq mümkün deyil.

Əksinə, bizim qol vurmaq üçün epizodlarımız oldu. Ən əsası, fasiləyə qədər intizamlı çıxış etdik. İkinci hissədə müəyyən qədər qopmalar oldu. Üstünlüyü rəqibə verdik. Onlar doğma meydan amilindən də istifadə etməyə çalışdılar. Komandamda isə yorğunluq oldu. Bunu yol qət etməyimizlə, heyətə cəlb edilən bir neçə oyunçunun xeyli vaxtdı nəzarətim altında oynamaması ilə və daha çox futzalçıya şans verməklə bağlayıram.

Çatışmazlıqlara baxmayaraq, əks-hücumlarda qollar vurmaqla qələbə qazanmağı bacardıq. Ümumi götürdükdə, oyundan razı qaldım. Səhv etməymizə və ikinci hissədə nisbətən zəif çıxışımıza millinin xeyli vaxtdı bir yerə toplaşmaması, oyun keçirməməsi təsirsiz ötüşmədi”.

Həmin kateqoriyadan