- Baxış sayı: 38
- 20 Noyabr 2024 18:54
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan cüdo federasiyasının (ACF) icraiyyə komitəsinin məşqçi-müəllimlər ilə görüşü keçirilib.
Allsport.az xəbər verir ki, görüşdə ACF-in prezidenti Rəşad Nəbiyev, icraiyyə komitəsinin üzvləri və ölkənin müxtəlif regionlarından məşqçi-müəllimlər iştirak ediblər.
İclas zamanı ölkədə cüdo idman növünü inkişaf etdirilməsi və kütləviləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri və tövsiyələri dinlənilib.
ACF-in prezidenti Rəşad Nəbiyev çıxışında məşqçilərin həm Azərbaycanda cüdonun inkişafında, həm də beynəlxalq səviyyədə əldə olunan uğurlarda mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, cənab prezident İlham Əliyevin idman siyasətinə uyğun olaraq, federasiyanın əsas məqsədi təkcə medallar qazanmaq deyil, gələcək nəsillərin sağlam və layiqli vətəndaşlar kimi böyüməsinə dəstək göstərməkdir. ACF-in prezidenti məşqçilərin bu missiyadakı böyük məsuliyyətini vurğulayaraq deyib: “Məşqçilərimiz ölkəmiz üçün məsuliyyətli vətəndaşların yetişdirilməsinə öz töhfələrini verməlidirlər. Yaxşı məşqçi valideynlərin işini tamamlayır, övladlarımızın daha sağlam böyüməsinə və yaxşı tərbiyə almasına dəstək olur”.
Bildirilib ki, əsas məqsədlərdən biri də qızların cüdoya cəlb edilməsidir. Bu istiqamətdə davam edən səylər artıq öz nəticələrini verir və bu istiqamətdə fəaliyyət davam etdiriləcək.
Görüş zamanı aparılan müzakirələr nəticəsində qeyd olunub ki, məşqçilərin peşəkar inkişafı üçün ACF tərəfindən təhsil fəaliyyətləri davamlı şəkildə təşkil ediləcək. Bundan əlavə, Federasiya cüdo zallarının maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək verəcək. Cüdonun ölkə üzrə daha da kütləviləşdirilməsi üçün klubların sayının artırılması və cüdo bölmələri olmayan bölgələrdə yeni cüdo zallarının açılması istiqamətində fəaliyyət göstəriləcək.
Bundan əlavə, yüksək keyfiyyətli cüdo məşqlərinin təmin edilməsi və cüdo üzrə məşqçilikdə peşəkar standartların saxlanması məqsədilə 2025-ci ildən etibarən məşqçilər üçün sertifikatlaşdırma və lisenziyalaşdırma prosesinin həyata keçiriləcəyi, həmçinin müxtəlif yaş kateqoriyaları üçün hazırlanmış vahid tədris metodologiyasının inkişaf etdiriləcəyi vurğulanıb.
İclas zamanı irəli sürülən təkliflər federasiyanın katibliyi tərəfindən müvafiq təhlillər aparıldıqdan sonra Federasiyanın iş proqramına əlavə olunacaq və planlı surətdə həyata keçiriləcək.
Sonda məşqçi-müəllimlərlə bu cür görüşlərin müntəzəm olaraq keçirilməsi qərara alınıb.