Daniel Laskau: Azərbaycan Cüdo Federasiyası son 15 ildə böyük irəliləyişə nail olub

Bakıda təşkil olunacaq cüdoçuların “Böyük dəbilqə” turniri ilə bağlı bu gün Heyat Recens – Naxcivan” mehmanxanasının “Quba” zalında mətbuat konfransı keçirildi. Allsport.az saytının məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Daniel Laskau bizim Cüdo federasiyasının son 15 ildə böyük irəliləyişə nail olduğunu dedi. Bildirdi ki, bu yarış dünya cüdoçuları üçün böyük əhəmiyyətə malikdir:

“Bu yarışda -olimpiya, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları qatılacaq. Azərbaycan artıq titullu idmançılara malikdir. Ölkənizdə ötən illə müqayisədə daha böyük inkişafın şahidiyik. Federasiyanıza, gənclər və idman nazirliyinizə və sponsorlara minnətdaram. Onlarla yanaşı, bir çox könüllünün xidmətindən yararlanacağıq. 3 gün davam edəcək yarışda yüksək səviyyəli döyüşlərin şahidi olacağımıza inanıram”.

Hakimlər Komitəsinin rəhbəri Berd Axill yarışa hazırlığın yüksək səviyyədə olduğunu dedi. O söylədi ki, yarışı idarə edəcək referilərin çoxu Rio Yay Olimpiya Oyunlarında da iş başında olacaqlar.

ACF-nin baş katibi Elmar Babanlı 4 il öncə “Böyük dəbilqə” kimi nüfuzlu yarışı Azərbaycana həvalə etdiyi üçün İJF-yə minnətdarlıq etdi. O, turnirin daha 4 il Bakıda təşkili məqsədilə danışıqların aparılacağını söylədi: “Bu yarış idmançılarımız üçün xal ehtiyatlarını yaxşılaşdırmaq və olimpiadaya lisenziya xallarını artırmaq baxımından yaxşı fürsətdir. İnanıram ki, cüdosevərlər üç gün ərzində gözəl cüdo mübarizəsinin şahidi olacaqlar”.

Cüdo üzrə Azərbaycan millisinin məşqçisi Mövlud Mirəliyev yarışa yüksək səviyyədə hazırlaşdıqlarını bildirdi. O bu yaxınlarda Avropa çempionatında 1 qızıl, 1 gümüş və ilk dəfə komanda yarışında 1 bürünc medal qazandıqlarını xatırlatdı. Onun sözünə görə, “Böyük dəbilqə”də ev sahibi kimi üstünlükdən yararlanmağa çalışacaqlar.

 

Həmin kateqoriyadan